“Etimada sədaqətlə 20 il”


28 November, 2012,

Dünən Gülüstan sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” öyrətim” adlı konfrans keçirilib. “Etimada sədaqətlə 20 il” devizi altında keçirilən tədbirdə nazirlər, komitə rəhbərləri, millət vəkilləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə ilk öncə Türkiyənin  prezidenti Abdulla Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub. Sonra şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub. Daha sonra çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən şirkətin 20 illik fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib: «Təhsilin inkişafına daim önəm verən Ümummilli lider Heydər Əliyev «Çağ»ın Azərbaycanda fəaliyyətinə xeyir-dua verib. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, 1992-ci il dekabrın 1-də Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan-Türkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb. Onun ideyaları bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Tarix baxımında 20 il ərzində qısa bir zaman kimi görünsə də bu illər ərzində şirkət mühüm işlər görərək böyük uğurlara imza atıb. Bu müddət ərzində ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80 faizi  yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, "Çağ"ın daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminəm».
Daha sonra çıxış edən təhsil naziri Misir Mərdanov “Çağ”ın Azərbaycana gəlişi və dövrlər ərzindəki fəaliyyətini müsbət qiymətləndirib: «Əslində 20 illik tarix qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “Çağ” Azərbaycan təhsili üçün bir örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirib. 20 il ərzində “Çağ” Öyrətim Azərbaycanın təhsil sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir. Rahat şəkildə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə ulu öndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət göstərən doğru, dürüst adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını  halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə həm inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hər hansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır. “Çağ” öyrətim 20 il ərzində Azərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələ çox yeniliklər gətirəcəklər. Gələcək illərdə də “Çağ” Öyrətim Azərbaycanda çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq».
Daha sonra tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da «Çağ»ın fəaliyyətini yüksək qiymətləndirib: «Müsəlman xalqlarından heç kəs indiyədək fundamental elmlərdən Nobel mükafatı almayıb. Yalnız Misir və Pakistandan olan alimlər Nobel mükafatı alıb ki, onlar da başqa ölkələrə köçdükdən sonra buna nail ola bilib. Amma ümid edirəm ki, «Çağ»ın məzunları arasında bu nəaliyyəti ələ edənlər olacaq».
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam təbriklərini çatdırıb. M.Sağlam “Çağ”ın Azərbaycandakı fəaliyyəti barədə eşitdiklərindən qurur duyduğunu bildirib.
Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub. Konfransın sonunda 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bu gün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub.

Xalid
http://ucnoqta.az/xeber/new/Sosial/133189-“Etimada_sədaqətlə_20_il”

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır