“Nizami Gəncəvi və Şərq ədəbiyyatları” mövzusunda beynəlxalq elmi konfrans keçirildi

21 noyabr 2012-ci il tarixdə Qafqaz Universitetində AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Azərbaycan, Türkiyə və İran alimlərinin iştirak etdikləri konfransı giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç açaraq ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında Türkiyədə bir çox elmi-tədqiqatların aparıldığını qeyd etdi. O, rəhbərlik etdiyi universitetdə də Nizami yaradıcılığına, dahi şairin şeir və fəlsəfə dünyasına önəm verildiyini diqqətə çatdırdı.
Konfransda çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu bildirdi. “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransın nizamişünaslığa böyük bir töhfə olduğunu söyləyən G.Baxşəliyeva şairin yaradıcılığının əsas ideyasından söz açdı: “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir. Təsadüfi deyil ki, Nizaminin əsərlərinə 500-ə qədər nəzirə yazılıb. Humanist ideyalar carçısı Nizami Gəncəvinin yaradıcılığında Şərq və antik ədəbi, fəlsəfi və mədəni dəyərləri üzvi şəkildə sintez olunmuşdur. Mütəxəssislər Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi adlandırırlar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlər mistikasından oyanıb sağlam təfəkkürlə insana və cəmiyyət həyatının məna və mahiyyətinə rasional məntiqi yanaşma tərzinin şahidi oluruq”.
Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nüşabə Araslı “Nizami və sələfləri”, həmin institutun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mehdi Kazımov “Şərq ədəbiyyatında Nizami ənənələri”, İran Elm və Mədəniyyət Universitetinin müəllimi Fərzad Qasımzadə “Dünya ədəbiyyatının iftixarı - Nizami Gəncəvi”, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Nəsiminin fikir düzənində Nizami məntiqi və söz sənətindən təsirlənmələr” mövzusunda məruzələrlə çıxış etdilər.
Konfrans çərçivəsində AMEA Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti arasında elmi-təşkilati əməkdaşlıq Protokolu imzalandı.
http://www.science.gov.az/az/index.php?id=4950

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF