“Azərbaycan naminə dünya ilə rəqabət aparmağa çalışırıq”


Təhsil millətin gələcəyidir, onun həyat təminatçısıdır. Cəmiyyətin inkişafı onun övladlarının təhsil səviyyəsi ilə bilavasitə əlaqədardır. Təhsil xalqın sabahıdır, dövlətin gücüdür, insanı insan edən mühüm faktorlardan biridir. Uzun illərdir təhsil sahəsində qabaqcıl təcrübələri ilə tanınan, Azərbaycan təhsil sisteminə öz töhfəsini verən və əldə etdiyi uğurlarla ölkə ictimaiyyətinin diqqətini çəkən “Çağ”  Öyrətim Şirkətinin rəhbəri dr. Ənvər Özərənlə söhbətimiz də bu mövzuda oldu.
 - Ənvər bəy, “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20 ili tamam oldu. 20 illik fəaliyyətinizi necə xarakterizə edərdiniz?
- Şirkətimizin Azərbaycandakı 20 illik fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyinin bərpası ilə eyni vaxta təsadüf edir. Təhsil sahəsindəki əməkdaşlığımızın bünövrəsi isə ümummilli liderimiz hələ Naxçıvanda olarkən qoyulub. Onun ifadəsi ilə “Təhsil millətin gələcəyidir” şüarı altında “Çağ” Öyrətim Şirkətinin fəaliyyətləri başlamış oldu. On beşinci ilimizi qeyd etdiyimiz zaman “Etimada sədaqətlə 15 il”, demişdik. Bu il isə “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim  başlığı altında 20 illiyimizi qeyd etdik. Əlbəttə, biz  müasir Azərbaycanın təhsilinin  dünya təhsili sisteminə inteqrasiyasına dəstək olmağa, bu istiqamətdə üzərimizə düşən vəzifəni qürurla yerinə yetirməyə çalışan bir şirkət olaraq yolumuza davam edirik.
- “20 il” sözünün arxasında yəqin ki, qürurlandığınız minlərlə məzununuz durur...
- Bəli, elədir. Bu 20 ildə məzunlarımız Azərbaycanın və dünyanın qabaqcıl universitetlərini bitirdilər. Onlardan bir qismi təhsillərini xaricdə davam etdirirlər. Ölkə daxilində və xaricində Azərbaycanı ləyaqətlə təmsil edən yüzlərlə insan yetişmiş oldu. Tibb sahəsində tanınmış həkimlər yetişdilər. Azərbaycan diasporunu Amerika, Almaniya kimi dünyanın inkişaf etmiş ölkələrində təmsil edən gənclər arasında bizim məzunlarımız da var. Əvvəllər şirkət nəzdində fəaliyyət göstərən müəllim heyətinin 85-90 faizini Türkiyədən gələnlər təşkil edirdilər. Bu gün isə müəllim kollektivinin 80 faizindən çoxu azərbaycanlılardan ibarətdir. Bu göstərici “Araz” kurslarında - 98, Qafqaz  Universitetində - 86-87 faizdir. Azərbaycan naminə dünya ilə rəqabət aparmağa çalışırıq.
- “Çağ” yalnız xarici olimpiadalarda iştirak etmir, eyni zamanda həmin bilik yarışının Azərbaycanda keçirilməsini təmin edir. İNEPO bunun bariz nümunəsidir. Azərbaycanda beynəlxalq olimpiada keçirmək ideyası necə yarandı?
- Azərbaycan müstəqilliyini qazandıqdan sonra dünya olimpiadalarında iştirakı ilk olaraq, şirkətimizin məktəbləri vasitəsilə oldu. Başlanğıcda beynəlxalq olimpiadalarda iki il boyunca müşahidəçi olaraq iştirak etdik. 1994-cü ildə isə Bolqarıstanın Varna şəhərində 45 ölkənin iştirakı ilə keçirilən biologiya olimpiadasında Azərbaycanı təmsil etdik. Şagirdlərimiz müstəqilliyini yeni qazanmış ölkəyə qələbə ilə - 2 qızıl və 2 gümüş medalla qayıtdılar. Bu olimpiadalarda uğur qazanan şagirdlərimiz dünyanın öndə gələn universitetlərində də uğurlarını davam etdirdilər. Nəticə etibarilə bu olimpiadalara hazırlıq təcrübəmiz ilbəil daha da təkmilləşdi. Bu günədək Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 104-ü qızıl olmaqla, 529 medal qazanıb. Bütün bunlar Azərbaycanın dünyada təmsil olunması, tanıdılması deməkdir. 2002-ci ildə dünya fizika olimpiadası 69 ölkənin iştirakı ilə İndoneziyada keçirilmişdi. Azərbaycan bu olimpiadadan 3 qızıl, 1 gümüş medalla qayıtdı. Olimpiadanın nəticələri açıqlanarkən Rusiyadan gələn heyətin rəhbəri Azərbaycanın bu qələbəsini təəccüblə qarşılayaraq, bunun imkansız olduğunu söylədi. Ancaq internet səhifələrinə baxdıqda Azərbaycanın bu qələbəsini qəbul etmək məcburiyyətində qalmışdı.
- Təbii ki, olimpiadalarda iştirak yalnız Azərbaycana medal deyil, həm də bu sahədə təcrübə qazandırdı.
- Doğrudur. Uzun illər olimpiadalarda iştirak etməyimiz həm müəllim heyətimizə, həm də şagirdlərimizə geniş təcrübə qazandırdı. Biz əvvəllər Azərbaycanda elmi sərgilər keçirmişdik. Bu sahədə təcrübəmiz var idi. Fikirləşdik ki, Azərbaycan bir neft ölkəsidir. Ona görə də ekologiya ilə bağlı bir olimpiada keçirtsək, Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzinə çəkə bilərik. Çünki ekologiya, ətraf mühitin qorunması və neft bir-biri ilə əlaqədardır. İllərdir qazandığımız təcrübələrə arxalanaraq, beynəlxalq bir olimpiadanın Azərbaycanda keçirilməsinə qərar verdik. Belə bir layihənin həyata keçməsi üçün maliyyə dəstəyinə ehtiyacımız var idi. Ona görə də bu layihə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşdük. ARDNŞ bu layihəyə müsbət münasibət bildirdi və bizə sponsorluq etdi. İlk olaraq, İNEPO-Avrasiya olimpiadasında 17 ölkədən təmsilçi iştirak etdi. Bu il altıncı dəfə keçirilən olimpiadaya 42 ölkədən təxminən 400 şagird qatıldı. Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycandakı digər orta məktəblər də bu bilik yarışında iştirak etməyə başladılar. Bu il Azərbaycanın 292 orta məktəbi bu layihəyə qoşuldu. Bu, çox sevindirici haldır.
- Rəhbərlik etdiyiniz şirkətin təhsil ocaqlarında səviyyənin kifayət qədər yüksək olduğu hamı tərəfindən qəbul olunur. Bunun başlıca sirri nədir?
- Yaxşı təhsilin sirri, əlbəttə, birincisi, bu işi sevərək yerinə yetirməkdir. İkincisi, təhsilə diqqət və qayğı göstərməkdir. Ümummilli liderimizin də ifadə etdiyi kimi, “təhsil bir millətin gələcəyidir”. Azərbaycan və Türkiyənin tarixi qardaşlığı məsələsinə “bir millət - iki dövlət” şüarı ilə baxsaq, qardaşlığımızın təminatının təhsilə söykəndiyini görərik. Təhsilimizin səviyyəsinin yüksək olması əlaqələrimizin, qardaşlığımızın da yüksək olması mənasına gəlir. Azərbaycan-Türkiyə tarixi qardaşlığını beynəlxalq arenada daha güclü bir şəkildə göstərmək bizim təhsil sahəsindəki əməkdaşlığımızdan keçir. Bu, məsələnin bir tərəfi. Təhsil prosesində mərhəmət, sevgi hisslərini önə çıxarmaq, şagirdlərə xoş duyğularla yanaşmaq əsasdır. Belə bir məsəl var: “Gözəlliklər paylaşıldıqca çoxalır”. Bizim təcrübəmiz kimi, Azərbaycanın da təhsil sahəsində təcrübəsi var. Bu təcrübələri bir araya gətirdiyimiz zaman uğurlarımızın artdığını görürük. Əsas məsələlərdən biri də fədakarcasına, Azərbaycanı sevərək, gələcəyimizin daha parlaq olacağını düşünərək çalışmaqdır. Əldə olunan müvəffəqiyyətlər insanlarda davamlı şəkildə enerji, ruh yüksəkliyi formalaşdırır. Bu enerjini, uğuru görən insanlar daha məsuliyyətli, daha tələbkar olurlar. Bunun nəticəsi olaraq da, ardıcıl şəkildə artan uğurlarınız, ümummilli liderin “mən həmişə sizi dəstəkləyirəm və bu dəstəyimə hər zaman davam edəcəyəm. Siz Azərbaycanın gələcəyi üçün mühüm işlər görürsünüz”, eyni zamanda Prezident İlham Əliyev cənablarının “görülən işləri daha da genişləndirin” və “Azərbaycanın gələcəyi üçün mühüm işlər görürsünüz” ifadələri, ümumilikdə isə Azərbaycan xalqının, dövlət xadimlərinin fəaliyyətimizi təqdir etmələri bizdən daha da məsuliyyətli olmağı tələb edir. Uğurlarımızın səbəblərindən biri də müəllim kollektivimizin müəyyən iş saatının olduğunu düşünməməsi, gecə-gündüz çalışmaları, istər yay, istərsə də rüb tətillərində təhsildən qopmamaları, bu kimi fəaliyyətləri davam etdirmələridir. Bütün bu saydıqlarımızın nəticəsində də uğur əldə etmiş oluruq.
- “Çağ” təhsilin bütün mərhələlərini - ibtidai, orta, ali və universitetə hazırlığı əhatə edən bir şirkətdir. Bu baxımdan təhsilin bütün sahələri üzrə təcrübəniz var. Bu təcrübədən çıxış edərək, Azərbaycan məktəblisinə tövsiyəniz nə olardı: təhsil həyatını necə qurmaq lazımdır?
- Azərbaycanın sərbəst bazar iqtisadiyyatına qədəm qoyması, cənab Prezidentin “neft kapitalını insan kapitalına çevirməliyik” ifadələri və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar təşəbbüslər Azərbaycanda önəmli bir faktı ön plana çıxarır: Dünyada gedən bütün proseslərdən xəbərdar olan, savadlı, təcrübəli kadrların yetişməsinə ehtiyac var. Təhsil səviyyəniz, savadınız nisbətində qapılar üzünüzə açılacaqdır. Yaxşı bir mütəxəssis olmaq üçün, sadəcə, universitetə qəbul olunmaq kifayət etmir. Tələbələrimiz ixtisasları ilə əlaqədar olaraq özlərini yetişdirmək məcburiyyətindədirlər. Qafqaz Universitetini seçən gənclərimiz və onların valideynləri buradakı təhsilin səviyyəsindən, professor-müəllim heyətinin nizam-intizamlı dərs sistemindən xəbərdardırlar. Həm universitet, həm də liseylərimizin məzunları önəmli şirkətlərdə çalışmaları, universitetimizin məzunlarının 97 faizinin iş tapmaq imkanlarının yüksək olması bu təhsil ocağına marağı daha da artırır. Məzunlarımız getdikləri yerlərdə nümunəvi insan olaraq dəyərləndirilirlər. “Çağ”ın 20 illiyinə həsr olunmuş tədbirdə “AzərSun” Holdinqin prezidenti Abdolbari bəyin çıxışında belə bir ifadə var idi: “Əgər bir gün şirkətimi birinə verməyi düşünsəm, o insan, şübhəsiz ki, Qafqaz Universitetinin məzunu olacaqdır”. Bu ifadənin arxasında Azərbaycan məktəblisinə, universitet tələbəsinə bir səsləniş var.    Ardı var...
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46290

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır