Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium keçiriləcək

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi xəlvətilik təriqətinin Yaxın və Orta Şərqdə ən böyük təmsilçisi kimi tanınan Seyid Yəhya Şirvani ilə bağlı beynəlxalq simpozium təşkil edəcək.
YUNESKO-nun “Seyid Yəhya ili” olaraq elan etdiyi 2013-cü il böyük mütəfəkkirin vəfatının 550-ci ildönümüdür.
İctimai Birliyin sədri Fariz Xəlilli “Media forum” saytına açıqlamasında bildirib ki, simpozium Qafqaz Universiteti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə təşkil ediləcək. Tədbirin dəqiq tarixi Qafqaz Universitetinin Qafqaz Araşdırmalar İnstitutu və Türkiyənin bir neçə universiteti birgə müəyyən edəcək.
Fazil Xəlili Seyid Yəhya Şirvani ilə əlaqədar Türkiyədə də böyük simpozium keçiriləcəyini deyib: “Təşkilatın bu il keçiriləcək seminarlarının böyük hissəsi Seyid Yəhya Şirvaniyə həsr olunacaq. Həmin tədbirlərdə Seyid Yəhya irsinə aid mövzulara yer veriləcək. “Miras” Seyid Yəhyanın Şamaxıda və rayonun digər ərazilərində qalan türbələrinin bərpası ilə bağlı təkliflər planı da hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara təqdim edəcək.  Xəlvətilik haqqında məlumatların əks oluduğu broşürlər də hazırlanacaq”.
Fariz Xəlilli Seyid Yəhya Şirvani irsinin təkcə Azərbaycanda deyil, Türkiyədə, bir çox Avropa ölkələrində, Balkan yarımadasında və Şimali Afrikada da kifayət qədər tanındığını deyib: “Xəlvətiliyin kökündə insanların Allaha daha çox yaxınlaşması, insanlar arasında mənəviyyatın yüksəldilməsi, pisliyin aradan qaldırılması, əxlaqın cəmiyyətdə ön plana keçməsi dayanır. Şirvanşahlar sarayında ayrıca hücrələri olan məscidlər var. Bu hücrələr xəlvətxanalardır. Bir sufi öz nəfsini tərbiyə etmək, hansısa mərtəbəyə çatmaq üçün mütləq o xəlvətxanada qırx gün qalmalı idi. Bu ənənələr illərlə davam edib, şeyxin nəzarəti altında həyata keçirilib”.
Birlik sədri əlavə edib ki, 15-ci əsrdə xəlvətilik yenidən meydana çıxanda islam dünyası böyük bir problemlə qarşılaşmışdı: “Monqollar bu ərazilərə yürüş etmiş, bütpərəstlik yenidən geri qayıtmışdı. Eyni zamanda xristianlıq da öz təsirini göstərirdi. Belə bir vəziyyətdə cəmiyyətdə həm islamın, həm də digər mənəvi məsələlərin yenidən ön plana çıxması üçün Seyid Yəhya Şirvani, Pir Ömər Avaxlı Şirvani, İbrahim Zahid Gilani kimi yenilikçi insanlar meydana çıxdı. Onlar əxlaq, mənəviyyat məsələləri ilə bağlı ciddi fəlsəfi əsərlər yazmış alimlərimizdir”.
Fariz Xəlilli qeyd edib ki, xəlvətilik təriqətinin yaradıcıları İbrahim Gilani və Ömər Avaxlı Şirvani olsa da, Seyid Yəhya Şirvaninin yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olub və müsəlman aləmində geniş yayılıb: “Seyid Yəhya Şirvani bölgələrə mürşidlər göndərməklə xəlvətiliyi məhəlli təriqət xarakterindən çıxardaraq dünyaya yaymağı bacarıb. Ona qədər bu cərəyan yalnız Şirvanda mövcud olub, lokal xarakter daşıyıb. İndi dünyanın hər yerində xəlvətilik sufi məktəbinin daşıyıcıları Seyid Yəhya Şirvaninin qoyub getdiyi əsərləri oxuyur. Ona təkcə xəlvəti şeyxi kimi yox, islam fəsləfəsinin və dünyagörüşünün əsaslarını müəyyənləşdirən insanlardan biri kimi baxmaq olar”.
"Media forum

http://www.mediaforum.az/az/2013/01/15/Seyid-Yəhya-Şirvani-ilə-bağlı-beynəlxalq-simpozium-0444

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF