“Azərbaycan türkcəsi” ilə “Ey Vətən” qalib oldu

Dünən Azərbaycan Dövlət Dram Teatrında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən “Dilimiz varlığımızdır” devizi altında X “Ana dilimizi sevək, sevdirək” ümumrespublika müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan tədbirə ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad etməklə və Dövlət Himnimizin oxunması ilə start verilib. Daha sonra isə mahnı və şeir nominasiyası üzrə yarışan şagirdlər səhnəyə dəvət olunublar. Səhnəyə ilk çıxan Ağdaş rayonu, Səməd Vurğun adına  orta məktəbin şagirdi Salatın Səmədova Ramiz Qusarçaylının  “Azərbaycan bayrağı” şeirini ifa edib. Daha sonra Fidan Məmmədova (Gəncə) Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox”, Türkan Məmmədova (Bakı) Xəlil Rza Ulutürkün “Azərbaycan türkcəsi”, Şəbnəm Sərdarlı (Mingəçevir) Rəsul Rzanın “Vətən dedim”, Aytən Uluxanova (Gəncə) Bəxtiyar  Vahabzadənin “Ana dili” şeirlərin söyləyiblər. Daha sonra səhnə mahnı kateqoriyasının iştirakçılarına verilib. Jalə Quliyeva (Bakı) musiqisi Rauf Məmmədova, sözləri Zivər Ağayevaya aid olan “Yaşa, mənim xalqım”la zalı riqqətə gətirib. Zaur İsgəndərov (Bərdə) “Şuşanın dağları”  xalq mahnısı ilə çıxış edib. Səidə Babışova (Bakı) “Mehriban olaq”,  Rəhimə Əzimova (Şəki) “Arzular”, Aslan Əzimzadə (Bakı) “Ey Vətən!” mahnılarını, Nihat Orucov (Bakı) isə “Sevgili canan” romansını ifa ediblər.
Münsiflər Heyətinin qərarı ilə “Azərbaycan türkcəsi”ni  söyləyən Türkan Məmmədova və “Ey Vətən!” mahnısını ifa edən Aslan Əzimzadə birinci yerə layiq görülüblər.
Tədbirdə bütün nominasiyalar üzrə (qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyaları) fərqlənərək I, II, III yerləri tutanlara mükafatlar təqdim olunub. Mükafatları qaliblərə tanınmış elm, təhsil və mədəniyyət işçiləri təqdim ediblər “Ana dilimizi sevək, sevdirək” Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz məlumat verib ki, bu tədbir 21 fevral - Beynəlxalq Ana dili Gününə həsr edilib. Onun sözlərinə görə, üç mərhələdə (məktəbdaxili, rayon (şəhər), respublika), qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyaları üzrə təşkil olunan müsabiqənin artıq birinci və ikinci mərhələləri keçirilib və qaliblər müəyyənləşdirilib: “Müsabiqənin birinci mərhələsində respublikanın 1115 məktəbindən 38 min 428 nəfər şagird, ikinci mərhələsində 135 məktəbli iştirak edib. Üçüncü mərhələyə mahnı kateqoriyası üzrə 6, şeir kateqoriyası üzrə 5, qrammatika kateqoriyası üzrə 10, internet saytının hazırlanması kateqoriyası üzrə 10 şagird vəsiqə alıb”. O daha sonra deyib: “Artıq üç kateqoriya üzrə (qrammatika, yazı, internet saytı hazırlamaq) yarışlara yekun vurulub. Bu gün isə mahnı və şeir nominasiyası üzrə şagirdlər bacarıqlarını nümayiş etdirəcəklər”. O bildirib ki, ölkə miqyasında bu yarışa getdikcə maraq artıb: “İlk illər bu müsabiqədə yalnız “Çağ”ın liseyləri və “Qafqaz” gimnaziyası iştirak edirdi. Sonra bu müsabiqəyə respublikamızda fəaliyyət göstərən digər məktəblər də qoşuldular”. 
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Enver Özeren deyib ki, müsabiqənin məqsədi ana dilinə böyük sevgi, vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri qorumaq və onu inkişaf etdirməkdir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışan E. Özeren eyni zamanda xatırladıb ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
O daha sonra deyib: “Dil ünsiyyət vasitəsidir, dil millətin simasını səciyyələndirən amillərin birincisidir. O hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu əslində bir bacarıq, istedad, qabiliyyət yarışıdır”. Onun sözlərinə görə, ölkəmizdə ana dilinin rəsmi dairələrdə işlək dilə çevrilməsi Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu gün də ölkə başçısı İlham Əliyev bu missiyanı uğurla yerinə yetirir. O, qeyd edib ki, bu yarışmanın qalibləri həm də Türkiyədə 140 ölkənin iştirakı ilə keçiriləcək Beynəlxalq Türkcə Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
 “Onlar hər yerdə millətimizi, vətənimizi lazımi səviyyədə təmsil edəcəklər”
  Riyaziyyatçı alim, tanınmış pedaqoq Zahid Qaralov müsabiqə barədə xoş sözlər deməklə yanaşı, “Çağ”ın fəaliyyətindən söz açıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ” təhsilimizdə bir çox ilklərə imza atıb. Bu məktəblərdə təhsil alan şagirdlər digər məktəblərdə oxuyan uşaqlardan öz davranışlarına görə fərqlənirlər. Ona görə də həm ulu öndər Heydər Əliyev, həm də ölkə başçısı İlham Əliyev bu məktəbləri həmişə örnək kimi göstəriblər.
Türkiyə Səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan: “Ana dili bizləri yaşadır. Bu dili sevməklə yanaşı, onu sevdirmək də vacibdir”, - deyib. O, azərbaycanlı şagirdlərin artıq bu istiqamətdə də fəaliyyət göstərdiklərini vurğulayıb.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov  bu tədbiri ana dilimizin bayramı kimi xarakterizə edib. Onun sözlərinə görə, dilimizin təbliğinə yönəlmiş belə müsabiqələrin mütəmadi keçirilməsi çox önəmlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev “Çağ”ın ölkəmizdə fəaliyyət göstərməsini Heydər Əliyevin uzaqgörənliyi kimi dəyərləndirməklə yanaşı, bu təhsil qurumunun nailiyyətlərindən söz açıb, onların xoş soraqlarının dünyanın əksər ölkələrindən gəldiyini bildirib: “15-20 ildən sonra Azərbaycan gənclərinin sorağı dünyanın hər yerindən gələcək. Onlar hər yerdə millətimizi, vətənimizi lazımi səviyyədə təmsil edəcəklər”.
 “Ana dilini sevdirmək isə kimsənin yadına düşmürdü”

Təhsil nazirinin müavini Qulu Novruzov yarışmanın onda xoş anlar yaşatdığına görə Təşkilat Komitəsinə təşəkkürünü bildirib. “Həqiqətən də, möhtəşəm bir tədbirdir”, - sözləri ilə çıxışını davam etdirən Qulu müəllim çıxışına bu sözlərini də əlavə edib: “Hər dəfə bu səpkili tədbirə gələndə adam ana dilinə daha çox vurulur. Sovet dönəmində bizə yalnız riyaziyyatı, kimyanı, fizikanı sevməyi tapşırırdılar, amma ana dilini sevdirmək isə kimsənin yadına düşmürdü. Yalnız ulu öndər Heydər Əliyev bu məsələni dövlət səviyyəsinə qaldırdı”. Onun sözlərinə görə, məhz ulu öndərin sayəsində dilimiz sərhədlərimizi aşdı: “İndi dünyanın bir sıra ölkələrində şagirdlər Azərbaycan dilinə maraq göstərir, bu dildə şeirlər söyləyir, mahnılar ifa edirlər. Bu dil elə bir səviyyədə olmalıdır ki, onu dünyanın bütün xalqları eşitsin, başa düşsün, sevsin... Bu müqəddəs vəzifəni yerinə yetirmək üçün də artıq on ildir ki, “Ana dilimizi sevək, sevdirək” də bu missiyaya xidmət edir. Mən əminəm ki, son illər dilimizə olan bu sevgi Azərbaycan dilini daha yüksəkliklərə qaldıracaq.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47437

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır