“Övliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabının təqdimatı olmuşdur


Bakı, 21 fevral (AzərTAc). Fevralın 21-də Türkiyənin Azərbaycandakı səfirliyində “Övliya Çələbi səyahətnaməsində Azərbaycan” kitabının təqdimatı və “Övliya Çələbi Azərbaycanda” mövzusunda sərginin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, ictimaiyyət nümayəndələrinin, türkiyəli iş adamlarının iştirak etdikləri tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun müdiri Mehmet Rıhtım, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli və başqaları kitab haqqında danışmışlar
Bildirilmişdir ki, nəşr “Övliya Çələbi səyahətnaməsi”nin Türkiyədə saxlanılan orijinal nüsxələri əsasında, qardaş ölkənin Nazirlər Kabineti Fondunun dəstəyi ilə Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşları və mütəxəssisləri tərəfindən hazırlanmışdır. Övliya Çələbinin “Övliya Çələbi səyahətnaməsi” əsərindən hissələr Azərbaycan dilində tərcümə edilərək kitab şəkilində nəşr olunmuşdur.
Qeyd olunmuşdur ki, çox gözəl bədii tərtibatda hazırlanmış, irihəcmli kitabda XVII əsrin görkəmli türk səyyahı Övliya Çələbinin dünyanın bir çox yerlərini, o cümlədən Azərbaycanı gəzərək səyahət etdiyi yerlərin tarixi, coğrafiyası, əhalisi haqqında verdiyi məlumatlar yer almışdır.
Səyyah Azərbaycana dörd dəfə səfər etmişdir. Övliya Çələbinin ölkəmizə səfərlərini (1646-1666) əhatə edən kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, əhalisi, onun məşğuliyyəti, məişəti, ölkədəki siyasi durum barədə məlumatlar əksini tapmışdır. Elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş əsərdə adı keçən yerlər, şəxslər, tarixi hadisələr və digər məlumatlarla əlaqəli ciddi araşdırma aparılaraq miniatür, qravüra, əski və yeni fotoşəkillər kimi materiallar toplanmış və bunların izahları əlavə edilmişdir. Burada yer alan miniatürlərin bir çoxu Türkiyə kitabxanalarındakı çox dəyərli nadir əlyazma əsərlərdən iqtibas edilərək Azərbaycanda ilk dəfə yayımlanmışdır. Eyni zamanda, əsərdə Qərb səyyahlarının çəkdikləri qravüralardan və fotoşəkillərdən də istifadə edilmişdir. Övliya Çələbinin Azərbaycana dörd səyahətinin xəritələri memar Fəxrəddin Miralay tərəfindən böyük bir diqqətlə çıxarılaraq Azərbaycan marşrutu dəqiqliklə göstərilmişdir.
Vurğulanmışdır ki, Övliya Çələbinin əsərinin tariximizi öyrənmək, eyni zamanda, şəhərsalma, memarlıq baxımından əhəmiyyəti böyükdür. Çünki əsərdə Azərbaycanın tarixi olduğu kimi təqdim edilir, şəhərlərimiz öz adı ilə verilir. Əsəri oxuyarkən Övliya Çələbinin xatirələrinin işığında Orta əsr Azərbaycan xanlıqlarının tam arealı və onların regional siyasətə təsirini öyrənmək mümkün olur. Azərbaycan haqqında geniş və zəngin məlumat verən nəşr tarixçi və coğrafiyaşünaslar üçün dəyərli mənbələrdən biridir. Övliya Çələbi Dərbəndin və İrəvanın qədim Azərbaycan şəhərləri olduğunu, vahid bir xalq olduğumuzu göstərir. Ona görə də bu ilk mənbə çox qiymətlidir.
Digər çıxış edənlər də bu əsərin Türkiyə və Azərbaycan arasında tarix və mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inandıqlarını bildirmişlər.
Əsərin naşiri Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun müdiri M.Rıhtım, Azərbaycan dilinə uyğunlaşdıran professor M.Təkləli, redaktorlar Fariz Fərzəli, Kənan Bəşirov və Fəridə Əliyeva, elmi redaktorları AMEA-nın müxbir üzvləri, tarix elmləri doktoru, professor Y.Mahmudov və memarlıq doktoru, professor Cəfər Qiyasidir.
Sonra “Övliya Çələbi Azərbaycanda” adlı sərginin açılışı olmuşdur. Sərgidə Çələbinin səyahət yolu olan qədim Azərbaycan torpaqlarından – Urmiyadan başlamış Naxçıvan, İrəvanı keçməklə Təbrizə, Bakıya qədər uzanan, Azərbaycanın bağ-bağçalarında yetişən meyvələrdən, xalqın milli adət-ənənəsinin ən incə detallarından tutmuş kəndlərin, şəhərlərin təsviri nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları “Övliya Çələbi Azərbaycanda” adlı şəkillərdən və Övliya Çələbinin sözlərindən ibarət sərgi ilə tanış olmuşlar.
http://azertag.com/node/1058753

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF