ARDNŞ neft kapitalının insan kapitalına çevrilməsinə istiqamətlənib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/
Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində "Çağ Öyrətim İşlətmələri" MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb.
Trend-in cümə günü ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, sənədi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, "Çağ Öyrətim İşlətmələri" MMM adından İdarə Heyətinin sədri Ənvər Özərən imzalamışlar. Bununla da "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri ARDNŞ, "Praktikal Salyuşns Qrup" MMC və "Çağ Öyrətim İşlətmələri" MMM olmuşlar. Birliyin təsisçiləri bərabər hüquqlara malikdirlər.
Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən bəhs etmiş, kadr hazırlığı proqramı çərçivəsində həyata keçirilən layihələrdən danışıb. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil məktəbləri tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdü, habelə ödənişli Yay Təcrübəsi və Yay Məktəbi layihələri gənclər arasında yüksək populyarlıq qazanıb.
Abdullayev qeyd edib ki, ARDNŞ Azərbaycan iqtisadiyyatının lokomitivi olduğuna görə, şirkət neft kapitalının insan kapitalına çevrilməsi üzrə aktiv fəaliyyət göstərir. Bu məsələ çoxsaylı layihələr həyata keçirən şirkət üçün çox vacibdir. Bu layihələrin bir hissəsi respublikadan kənardadır.
Şirkət prezidenti bildirib ki, indiyədək yüksək reytinqli xarici universitetlərdə ARDNŞ-nin təqaüdü hesabına təhsil alan 132 azərbaycanlı məzun Şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur. Hazırda 70 təqaüdçü təhsilini uğurla davam etdirir. İmzalanan bəyanatın əhəmiyyətindən söz açan ARDNŞ prezidenti Rövnəq Abdullayev "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təhsilin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcəyinə dərindən inandığını ifadə edib, "Çağ Öyrətim İşlətmələri" MMM-nin təhsil sahəsində bugünədək olan fəaliyyətini yüksək qiymətləndirmişdir.
Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ beynəlxalq səviyyəli neft şirkətinə çevrilməsi üçün zəruri olan addımları atır, bunun üçün beynəlxalq neft şirkətlərinin müsbət təcrübəsi də mənimsənilir. Bu səbəbdən neft-qaz sənayesində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması" üzrə Standartlar toplusu təsdiq edilmiş və 1 yanvar 2013-cü ildən həmin standartların tətbiqinə başlanılıb. Məhz həmin standartların tələbinə görə də ARDNŞ elm, təhsil, sosial layihələr kimi ictimai, ümumxalq məqsədlərə xidmət edən layihələri məhz ictimai birliklər vasitəsilə həyata keçirməyə üstünlük verəcəkdir.
R.Abdullayev qeyd edib ki, Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il tarixdə qeydiyyata alınmış "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil verməyi, fransız, ingilis məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirməyi planlaşdırır. Birlik bütün səviyyələrdə təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı institutları, təhsil müəssisələri, univesitetləri ilə əməkdaşlıq etmək, ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri keçirmək, müxtəlif tədbirlər, o cümlədən konfranslar, seminarlar, simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir.
ARDNŞ prezidenti vurğulayıb ki, Birliyin fəaliyyət dairəsinə təhsil alanların fiziki və intellektual inkişafı, zəruri biliklərə yiyələnməsi, onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşdılması, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanması, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsi, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətinin təmin edilməsi daxildir.
ARDNŞ prezidenti ölkəmizdə təhsil sisteminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərən "Çağ Öyrətim İşlətmələri" MMM-nin Birliyin təsisçiləri sırasına qoşulmasından məmnun olduğunu bildirmiş, bununla da gələcəkdə təhsil sahəsində daha böyük layihələrə imza atılacağına əminliyini ifadə edib.
"Çağ Öyrətim İşlətmələri" MMM adından MMM-nin İdarə Heyətinin sədri Ənvər Özərən ARDNŞ ilə birlikdə ölkənin təhsil sahəsində həyata keçirilən birgə layihələrdən danışıb, şirkət tərəfindən intellektual, bacarıqlı şagird və tələbələrə göstərilən qayğını qeyd etmiş, ölkədə yeni tipli tədris mərkəzlərinin yaradılmasında ARDNŞ-nin rolunu yüksək qiymətləndirmişdir. Ənvər Özərən "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına qoşulan "Çağ Öyrətim İşlətmələri" MMM-nin təhsilin inkişafına mühüm töhfələr verəcəyini vurğulamışdır.
ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təhsilin inkişafı istiqamətində qarşısında duran vəzifələrdən danışmış, ölkənin təhsil sisteminin inkişafında Birliyin mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. X.Məmmədov imzalanmış sənədin gələcəkdə bu sahədə daha böyük uğurlu layihələrin həyata vəsiqə qazanmasında bir vəsilə olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/capital/energy/2125426.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır