Bakıda Qafqaz Universitetləri Birliyinin III konqresi keçirilib


Bakı şəhərində Qafqaz Universitetləri Birliyinin (KUB) III konqresi keçirilib.Mövqe.az-ın məlumatına görə, Azərbaycan təhsil naziri Mikayıl Cabbarov çıxışında deyib ki, bu qurumun fəaliyyəti bölgənin təhsil sisteminin inkişafı ilə yanaşı, region xalqlarının inteqrasiyasına da xidmət edəcək. O bildirib ki, bölgə ölkələrinin zəruri hesab etdiyi kadr siyasəti də bu qurumun həyata keçirdiyi proqramlar sayəsində öz həllini tapa bilər. Nazir qeyd edib ki, təşkilat gələcəyə yönəlik layihələr həyata keçirməklə, kadr ehtiyacını azaldacaq.

Türkiyənin təhsil naziri Nabi Avcı bəyan edib ki, KUB-un qurulması və fəaliyyəti təhsilin inkişafı ilə yanaşı, sülhün və stabilliyin qarantı rolunu da oynaya bilər: "Bölgə gənclərinin tarix və mədəniyyət baxımından ortaq bilik əldə etməsi və paylaşması, ortaq gələcəyin formalaşmasına təkan verə bilər”. Nazir 2013-2014-cü illərdə birliyin fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə edib.

Gürcüstan Təhsil nazirinin müavini David Zurabişvili, KUB-un sədri Ramazan Korkmaz, Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya və digər natiqlər də qurumun əhəmiyyətindən, bu çərçivədə əməkdaşlığın xalqların və bölgənin inkişafına verəcəyi töhfələrdən söhbət açıblar.

Tədbir çərçivəsində KUB-da təmsil olunan universitetlər arasında əməkdaşlığa dair saziş imzalanıb.

Keçirilən brifinqdə KUB sədri Ramazan Korkmaz və Türkiyə Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya qurumun həyata keçirəcəyi layihələrin bütün bölgələri əhatə edəcəyini söyləyiblər. R. Korkmaz deyib ki, Rusiya Federasiyasına daxil olan Şimali Qafqaz respublikalarının bu prosesdə iştirakının təmin olunması üçün də addımlar atılır: "Hələlik Rusiya Federasiyasının Çeçenistan Respublikasının universiteti proqram çərçivəsində əməkdaşlığa qoşulub. Ukraynanın Krım Muxtar vilayəti də birliklə əməkdaşlıq edir. Mübadilə proqramının əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur”.



Leyla RÜSTƏMOVA

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF