“Özləri yandı, fəqət yox olmadı”



“Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” adlı beynəlxalq elmi konfrans öz işinə başladı.  Publika.Az-ın verdiyi xəbərə görə, tədbir AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqaz Universiteti və  Mehmet Akif Ersoy fikir və sənət vəqfinin təşkilatçılığı ilə keçirilib.
 
Konfrans iştirakçıları tədbirdən öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Qafqaz Universitetində təşkil edilən konfransın açılışında, ilk olaraq, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin himnləri səslənib. Daha sonra Hüseyn Cavidə və Mehmet Akif Ersoya həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Konfransın işində Azərbaycan və Türkiyədən millət vəkilləri, rəsmi dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Misir, Makedoniya, Serbiya, Rusiya və s. dövlətlərdən 100-dən çox alim iştirak edib.

Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc tədbir iştirakçılarını salamlayaraq, onlara işlərində uğurlar arzulayıb, Mehmet Akif Ersoyun və Hüseyn Cavid öz zəngin yaradıcılıqları ilə bütün türk dünyasını işıqlandırdıqlarını qeyd edib.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə mədəni həyatına əsərləri ilə möhürünü vuran şairlər arasında fikirləri və əsərləri ilə millətin yolunu işıqlandıran və qəlbində taxt quran iki böyük sənətkarın olduğunu vurğuladı:
 
“Bunlardan biri türk “İstiqlal şairi” Mehmet Akif, digəri isə Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Caviddir”.

G.Baxşəliyeva ümummilli liderin söylədiyi “Bir millət – iki dövlət” sözlərinin bir bariz nümunə kimi konfransın həsr olunduğu iki qardaş şairin həyat və fəaliyyətində  də öz əksini tapdığını, Mehmet Akifin də doğumundan ta ölümünə qədər bütün həyatı və fəaliyyəti boyunca Cavidlə bənzər tale yaşadığını qeyd edib:

“Hər iki şairin həyat və fəaliyyətinə, əsərlərində qələmə aldıqları mövzuların ideya-məzmun xüsusiyyətlərinə, hətta Allahın onlara bəxş etdiyi tale yoluna nəzər saldıqda nə qədər çox bənzərliklərin olduğunu görürük. Onlar bütün ömürlərini xalqın, millətin və bütün İslam aləminin, türk dünyasının istiqbalı üçün şam kimi əritdilər. Özləri yandı, fəqət yox olmadı. Onlar millətin bu gününü, gələcəyini işıqlandıraraq, xalqın, millətin qəlbinə köçdülər. Onlar istər ədəbiyyat, istərsə də ictimai tariximizdə böyük bir iz qoyublar. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavid və Mehmet Akif irsi də o qədər yaşayacaq”.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Türkiyə Cümhuriyyəti millət vəkili Nevzat Yalçıntaş, Mehmet Akif Ersoy fikir və sənət vəqfinin rəhbəri Mehmet Cemal Çiftçigüzeli, Türkiyə Bağçılar  bələdiyyəsinin sədri, Türkiyə Cümhuriyyəti Bələdiyyələr Birliyinin sədr müavini Lokman Çağrıcı, TİKA-nın Azərbaycan üzrə koordinatoru Ali Muslu, Bakı Yunis Əmrə Türk Mədəniyyət Mərkəzinin müdiri Səriyyə Gündoğdu, Hüseyn Cavid ev muzeyinin direktoru Gülbəniz Babaxanlı, millət vəkili Arif Əşrəfov çıxış edərək, Mehmet Akif Ersoy və Hüseyn Cavidin hər iki xalqın, bütövlükdə türk dünyasının ədəbiyyatında və ictimai həyatında əvəzsiz rolunu qeyd ediblər.

Açılış tədbirinin sonunda Qafqaz Universiteti və Türkiyə Cümhuriyyəti Bələdiyyələr Birliyi arasında saziş imzalandı. Sazişi Qafqaz Universiteti tərəfindən bu ali məktəbin rektoru professor, doktor Ahmet Sanıc, Türkiyə Cümhuriyyəti Bələdiyyələr Birliyi tərəfindən qurumun sədr müavini Lokman Çağrıcı imzaladılar. Sonra konfransın açılış mərasimində çıxış edənlərə Qafqaz Universiteti və Mehmet Akif Ersoy fikir və sənət vəqfinin plaketləri təqdim edilib.

Konfrans öz işini bölmələrdə davam etdirib.

Publika.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır