“Yeni Fikir” Müsabiqəsi uğurla başa çatdı


Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) 25 mart-25 may tarixlərində təşkil etdiyi "Yeni Fikir" Müsabiqəsinin (YFM) final mərhələsi uğurla başa çatıb. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer alıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən "QUTechnopark" müdiri İsa Qasımovun sözlərinə görə, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla, gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə müraciət edib: "Onlardan 85 iş fikri layihə şəklində qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı".

19 layihə qrupundan seçilən 5 ən yaxşı

Nəhayət, final mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi. 1-ci yeri "Alternativ Yanacaq" adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri), 2-ci yeri "İwanna" adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri), 3-cü yeri "Hyper Buyer" adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri), 4-cü yeri "Robototexniklər" adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri), 5-ci yeri "Gənc Riyaziyyatçılar" adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) qazanıb: "Müsabiqənin Yekun Proqramında finalda iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti rektoru və "QUTechnopark" rəhbərliyi tərəfindən təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görülüblər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif ediliblər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə "QUTechnopark" tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər "Azercell Telekom" MMC tərəfindən də hədiyyələrlə mükafatlandırılıb".

İlk 3 yeri qazananlar Türkiyə texnoparklarında təcrübə keçəcəklər

İsa Qasımovun sözlərinə görə, ilk 3 yeri qazanan iş fikri qruplarının əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetinin texnoparklarında təcrübə keçmələri təmin olunacaq. Qeyd edək ki, YFM-nin final mərhələsində Münsiflər Heyətinin tərkibinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyəti inkişafı şöbəsinin rəisi İsbəndiyar Əliyev, Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, "SOCAR", Azerikimya İB Layihələr və perspektiv inkişaf şöbəsinin rəis müavini Fəzair Yusifov, "Azersun Holdinq"in baş direktoru Ahmet Yaman, "SİNAM" şirkətinin direktoru Əbülfət Rəhmanov və s. şəxslər daxil idi.

"QUTechnopark" YFM-ni hər il keçirməyi planlaşdırır

İsa Qasımov qeyd edib ki, "QUTechnopark" "Yeni Fikir" Müsabiqəsini hər il keçirməyi planlaşdırır:

"QUTechnorak" qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də "Yeni Fikir" Müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir". Müsabiqədə gələcəkdə də müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək:

"YFM-nin təmin edilməsi üçün "www.yenifikir.az" elektron veb-səhifəsi də istifadəyə verilib. YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib.

YFM-də finala vəsiqə qazananların innovativ baxışlarının inkişaf etdirilməsi üzrə tədbirlər davam edir

Təşəbbüskar gənclərə iş fikirlərinin şirkətləndirilməsi istiqamətində verilən dəstəklərdən biri də Qafqaz Universitetinin müəllimi, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Odiljon Abdurazzakovun təqdimatında "Biznes-planın hazırlanması" seminarı olub. İstər finalçılar, istərsə də digər "Startup"-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar "QUTechnopark"ın təşkilatçılığı ilə davam etdirilib".

YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün "QUTechnopark" tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq (İş Mələyi) dəstəyi də təmin edilib".

Həqiqət İSABALAYEVA 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF