Ajda Pekkan: "Azərbaycana "ikinci vətənim" deyə bilərəm"

09 İyul 2013 [10:34] - MİLLİ.AZ
Ötən həftə Azərbaycanda səfərdə olan türk sənətçi Ajda Pekkan "Hürriyyət" qəzetində səfər təəssüratlarını yazıb.
Bu həftə 3 günlük Bakıda səfərdə idim. Sonuncu dəfə 9 il əvvəl getmişdim. Bu dəfə tamamilə başqa bir Azərbaycan gördüm.

Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyədə sənət və mədəniyyətə verdiyim töhfələrə görə məni mükafatlandırmaq üçün dəvət etdilər.

Həmin tədbirdə “Samanyolu” yayım qrupunun başçısı Hidayət Karaca da Azərbaycanın tanınmasındakı roluna görə mükafatlandırıldı.

Bakı müasir Avropa şəhərlərini bənzəyəcək dərəcədə dəyişib. Otellər, yamyaşıl parklar, gecələri gündüzündən fərqlənməyən işıqlı meydanlar, ən lüks mağazaları ilə Bakıya tək kəlmə ilə heyran qaldım. Azərbaycan, sadəcə, görünüş cəhətdən deyil, insanları da çox dəyişib.

Hamı bir-birinə hörmət edir, tıxacda heç kim səs siqnalından istifadə etmir, ara küçələrdə belə, zibil yoxdur. Qafqaz universiteti və Çağ öyrətim qurumlarını da ziyarət etdim.
Gənclərin imkanlarına şahid oldum. Bizim dövrümüzdə qara, indi isə ağ lövhələrin yerinə Mac kompüterlər var. Buradan məzun olacaq tələbələrin gözlərindəki parıltı gələcəkdə dünyaya verəcəkləri töhfədən xəbər verir. Və o gələcəyin çox parlaq olacağını qeyd etməliyəm.

Universitetin mənə hədiyyə etdiyi plaketdə Atatürk və Heydər Əliyevin sözləri yer alıb. Ulu öndər Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərkən, Heydər Əliyev “Biz bir millət, iki dövlətik” deyib.

Bu qədər təsirləndiyim Azərbaycan üçün mən də “ikinci vətənim” deyə bilərəm.


Xiyabanda bir gün

Bakıdakı Türk şəhidliyini də ziyarət etmək fürsətim oldu. Ziyarətdə Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi. O qədər təmiz və parlaq idi ki, bir Türk olaraq qürur duydum və öz təşəkkürlərimi bildirdim.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib gül qoydum. Sadəcə, dövlət böyüklərinə deyil, öz sənətçilərinin də məzarlarına eyni qayğını göstərirlər. Düzü, sənətçiyə göstərilən bu qayğını qısqandım, əfsuslar olsun ki, bizdə belə deyil.

Yenə gedəcəyəm

2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi Kristal sarayı da gəzmək imkanım oldu. Bəstəkar Aygün Səmədzadə və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla tanış ola bildim. Bakının bir çox gözəlliyi kimi Kristal saray da məftunedicidir.

Binanın qarşısındakı bayraq dirəyi 162 metr, bayrağın ağırlığı isə 350 kq imiş. Bu özəlliklərinə görə Ginnesin Rekordlar Kitabına belə girib. Payızda çox böyük bir konsert vermək üçün məni yenidən Bakıya dəvət etdilər. Hələ ki tam tarixi bilməsəm də, artıq Bakıya tez-tez səfər edəcəyəm.

Milli.Az

URL: http://www.milli.az/news/showbiz/200433.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF