“Araz”dan çıxıb “Qafqaz”a düşdüm”

Qafqaz Universitetində 2013-cü il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında keçirilən təntənəli məzun gecəsində bu təhsil ocağının birincisi kimi tanınan Ayşən Həsənli məzun kürsüsünə öz adını həkk etdi. Onunla görüşüb bir  yazı hazırlamağa da elə o anda qərar verdik. Bir neçə gündən sonra “Qafqaz”ın mühəndislik fakültəsinin sənaye-mühəndisliyi bölməsinin məzunu Ayşən Həsənli redaksiyamızın qonağı oldu.

- Ayşən xanım, artıq “Qafqaz”dakı tələbəlik həyatınız başa çatdı. Tələbəlik illəri ilə bağlı çox deyilib, çox yazılıb. Kimi o illəri ömrün ən xoş növrağı, kimi inadlı axtarışların, sadiq dostluğun, aşkar-gizli sevdaların tək ünvanı kimi dəyərləndirib. Bəs siz  tələbəlik illərini necə dəyərləndirərdiniz?
- İnsanı tamlaşdıran, şəxsiyyət kimi formalaşdıran illər kimi. Sevimli müəllimlərindən elmin sirlərinə yiyələndikcə, qanadlanıb tezliklə sevib-seçdiyin peşəyə qovuşmaq arzusu ilə yaşadığın illər kimi. Xoş soraqlarla dolu sabahın başlanğıcı kimi...
- Elə isə bu sabahın başlanğıcında sizi nələr gözləyir?
- Bəri başdan deyim ki, artıq ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində (ödənişli Yay Təcrübəsi Proqramı çərçivəsində) çalışıram. Burada iki ay fəaliyyət göstərəcəyəm. Məlumat üçün qeyd edim ki, ARDNŞ ali məktəb tələbələrinin təhsilinə dəstək məqsədilə hər il bir neçə layihə həyata keçirir. Bunlar “Təqaüd proqramı”, “Ödənişli Yay təcrübəsi” və “Yay məktəbi”dir. Bilirsinizmi həyat bir sınaqdır. Xoş o insanın halına ki, bu sınaq meydanından alnıaçıq çıxır. İnstitut auditoriyasından yenicə ayrılmış tələbə üçün bu çox məsuliyyətli addımdır. Bir də heç kim düşünməsin ki, ali təhsili, diplomu aldım hər şey başa çatdı. Yəni istehsalatın, əgər belə demək mümkünsə, qaynar ocağına düşəndən sonra adam başa düşür ki, qazanılan bilik azlıq edir. Bu mənada, ödənişli Yay Təcrübəsi Proqramı təcrübəli və savadlı kadrı kimi yetişməyimə müsbət təsir göstərir. Bir sözlə, demək istəyirəm ki, yayı boş-bekar keçirmirəm. Təhsilimi də davam etdirmək niyyətindəyəm.
- Harada?
- Mançester Universitetinə qəbul olunmuşam. Orada bir il magistr pilləsi üzrə təhsilimi davam etdirəcəyəm. Bu ilin sentyabr ayında dərslər başlanacaq. Yeri gəlmişkən, qeyd edim ki, İngiltərənin Mançester şəhərində fəaliyyət göstərən bu təhsil ocağı dünyanın nüfuzlu universitetlərindəndir. Burada təhsil almaq da mənim arzularımdan biri olub.
- Sizcə, xaricdə oxumağın hansı çətinlikləri var?
- Əminəm ki, orada təhsillə bağlı mənim elə bir çətinliyim olmayacaq. Mənim üçün ən çətini Mançesterdə “Qafqaz”da təhsil almış bir nəfərlə tanışlığa qədərdir. Ondan sonra hər şey yaxşı olacaq. Bilirsinizmi niyə belə deyirəm? Çünki “Qafqaz”ın tələbələrinin dostluqda, bir-birinə yardımda necə etibarlı olmalarını yaxşı bilirəm.
- Sizin üçün “Qafqaz” nədir? “Qafqaz” sizə nə verdi?
- “Qafqaz” mənə nələr vermədi ki? “Qafqaz” mənim dünyagörüşümü formalaşdırdı. “Qafqaz” mənə müəllim-tələbə dünyasının necə olduğunu göstərdi. “Qafqaz” mənə çoxlu dost qazandırdı. Bir sözlə, mən “Qafqaz”da yalnız təhsil almadım ki... Bu məktəb məni, sözün həqiqi mənasında, həyata hazırladı. Odur ki, hər yerdə təhsildən, mədəniyyətdən söz düşəndə fəxrlə deyirəm: mən “Qafqaz”ın məzunuyam”. Hətta belə bir qərara gəlmişəm ki, gələcəkdə harada işləməyimdən asılı olmayaraq  sonda “Qafqaz”da çalışım.

YalnIz “Qafqaz”I seçdİm...
- Ayşən xanım, qardaşın Musa ilə telefon söhbətindən öyrəndim ki, siz ali məktəbə daxil olanda evinizdə “yas” qurmusunuz? Bu nə ilə bağlı olub?
- 2008-ci ildə ali məktəblərə keçirilən imtahanda 635 bal topladım. Halbuki mən 700 bal gözləyirdim.
- Bu necə baş verdi?
- Sadəcə, diqqətsizlikdən bəzi ən elementar suallara düzgün cavab verə bilmədim. Odur ki, abituriyentlərə ali məktəblərə qəbul imtahanı zamanı diqqətli olmalarını tövsiyə edirəm.
- Niyə “Qafqaz”ı seçdiniz?
- Mən mövcud qanunlara əsasən dövlət və qeyri-dövlət ali məktəblərinin eyni ixtisas qrupuna aid təhsil forması ödənişli və ödənişsiz olan 8 ixtisas kodunu qeyd etməli idim. Mən isə ali məktəb kimi yalnız “Qafqaz”ı seçdim. Və bu ali təhsil ocağının 8 ixtisas kodunu işarələdim. Çünki başqa bir ali məktəbdə oxumaq niyyətində deyildim. Arzum və məqsədim dünya standartlarına cavab verən “Qafqaz”da təhsil almaq idi. Necə deyərlər, məndə bir “Qafqaz” sevgisi var idi. Təbii ki, seçimimdə əldə etdiyim məlumatlar, daha doğrusu, digər ali məktəblərlə müqayisədə bu təhsil ocağının üstünlükləri də mühüm rol oynadı. Mən üstünlüklər dedikdə əsasən buradakı haqq-ədaləti, müəllimlərin tələbələrin əlinə baxmamasını nəzərdə tuturam. Bir sözlə, sözün həqiqi mənasında, “Qafqaz”da halallıq hökm sürür. Təhsil aldığım müddətdə mən bütün bunların şahidi oldum. Yeri gəlmişkən, hərdən bu və ya digər yerdə haqsızlıq görəndə öz-özümə deyirəm: görəsən bu məmləkətin hər yeri nə vaxt “Qafqaz” kimi olacaq?
- Başqa ali məktəbdə təhsil alsaydınız...
- Təbii ki, bugünkü Ayşən olmazdım...
- Bu ilki məzunlara tövsiyələriniz?
- Əgər dünyagörüşlü, intellektual, savadlı olmaq, tələbəlik illərinin həyatlarına qızıl hərflərlə yazılmağını istəyirlərsə, “Qafqaz”ı seçsinlər.
- Asudə vaxtlarınızda nə işlə məşğul olmağa üstünlük verirdiniz?
- Elə bir hobbim yoxdur. Lakin qeyd etməyi özümə borc bilirəm ki, kitab oxumağı çox sevirəm. Nə gizlədim, son bir ildə bədii ədəbiyyatla məşğul olmağa vaxt tapa bilmədim. Amma çalışacağam ki, bu il həmin boşluğu doldurum. Hə, yadıma düşmüşkən, mən rəsm əsərləri də çəkməyi sevirəm. Üzgüçülüyə də marağım var.
- Belə çıxır ki, tələbəlik illəri bütün bunları sənin əlindən aldı?
- Yox, mən əsla bu fikirdə deyiləm. Mən özüm, sadəcə, bu işlərlə məşğul olmadım.

“Araz” önəmlİ rol oynayIb”
-Bəlkə, özünüz barədə ətraflı məlumat verəsiniz?
- Əslən Tovuzdanam. Bakıda anadan olmuşam. Qaraçuxurda, daha sonra Saraydakı 1 saylı məktəbdə oxumuşam. Atam Tahir Bakı metropolitenində təmir üzrə rəis müavini vəzifəsində çalışır. Anam Validə xanım da elə bu idarədə fəaliyyət göstərir. Onu da deyim ki, təhsildə uğur qazanmağımda onların hər birinin müəyyən rolu olub. Ailədə 5 nəfərik. İki bacı, bir qardaş. Onların hər biri mənə qulluq edib. Elə hər uğurumda məni ilk təbrik edən də onlar olub. Yeri gəlmişkən, təhsildə əldə etdiyim nailiyyətlərimə ailəmlə birgə qrup yoldaşlarım da çox sevinir və məni dəstəkləyirdilər. Müəllimlərimdən biri belə bir söz demişdi: “Dost dostdur, iş dostu isə iş yoldaşıdır, işə görə yoldaşdır. Elə buna görə də “Qafqaz”da qurduğum dostluqları və qrup yoldaşlarımı heç vaxt yaddan çıxartmayacam və həmişə onlarla əlaqə saxlayacam.
 - Yəqin ki, hədiyyələr də öz yerində...
- Düzünü desəm, heç kəsdən hədiyyə gözləməmişəm. Elə onların mənəvi dəstəkləri mənə ən böyük hədiyyələri olub.
- Bəs bir xanım kimi mətbəxlə münasibətiniz necə olub?
- Mən boş vaxtlarımda onlara borclu qalmırdım ki...
- Ayşən xanım, qızlar, adətən, ya həkim, ya da müəllim olmaq istəyirlər. Bəs sizin mühəndisliyi seçməyinizin bir özəlliyi varmı?
- Son illər ölkəmizin hər yerində abadlıq işləri aparılır. Bu abadlıq-quruculuq işlərinə mühəndislik qurğuları əlavə çalarlar verir. Mən də gələcəkdə bu sahəyə öz töhfəmi vermək niyyətinə düşdüm.
- Yeri gəlmişkən, ölkəmizin sənayesi barədə nə deyə bilərsiniz?
- Son illər ölkəmizin bütün sahələr üzrə, o cümlədən sənayedə əldə etdiyi uğurlar göz qabağındadır. Bu barədə ətraflı danışıb, oxucularımızı yormaq istəməzdim. Lakin bir məsələyə toxunmaq istəyirəm. Son illər inşa olunan müəssisələrimizə elə bil əcnəbi axını var. Sözün düzü, bunu mən yaxşı qarşılamıram. Çünki ölkəmizdə kifayət qədər ixtisaslı mütəxəssislər var. Amma nədənsə hamı xaricilərə üstünlük verir.
- Bəs siz repetitor yanına getmisinizmi?
- Yox, mən Sumqayıt “Araz” hazırlıq kurslarına getmişəm. Və bu gün də deyirəm ki, “Araz” mənim ali məktəbə girməyimdə mühüm rol oynayıb. Hərdən bu barədə söz düşəndə isə şairanə şəkildə deyirəm: “Araz”dan çıxmasaydım, “Qafqaz”ı fəth edə bilməzdim.
- Siz niyə repetitor hazırlığını yox, məhz kurs hazırlığını seçdiniz. Bunlar arasında fərq varmı?
- Bəri başdan deyim ki, kurslarda dərslər sistemli şəkildə keçilir. Müəllim yanına gedərkən vaxt itkisi çox olur. Digər tərəfdən “Araz”da hər həftənin sonunda keçdiyimiz dərslərdən test imtahanı verirdik. Bütün bunlar həm də imtahana psixoloji cəhətdən hazırlaşmağımda yardımçı olurdu. Mənim fikrimcə, abituriyentlərin belə kurslara getmələri vacibdir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=50389

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır