21 ilin rekordçu abituriyentləri



1992-ci ildən bəri ali məktəblərə qəbul imtahanlarında 33 abituriyent maksimum nəticə göstərib

Ali məktəblərə qəbulda test üsulunun tətbiq olunduğu 1992-ci ildən bəri Azərbaycanda 33 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. İlk dəfə olaraq rekord göstərici 2007-ci ildə qeydə alınıb. Belə ki, həmin imtahanlarda 3 nəfər 700 bal toplayıb. I qrupda bu nəticəni göstərən Emin Abbasov BDU-nun informatika, II qrup üzrə Cavid Musayev, IV qrupda isə Nərgiz İsmayılbəyli Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. 
Növbəti qəbul imtahanlarında nümunə göstərən abituriyentlərin sayında artım olub. Belə ki, 2008-ci ildə qəbul imtahanlarında 6 nəfər maksimum nəticə göstərib. 2009-cu ildə isə ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərənlərin sayında azalma baş verib. Həmin il cəmi 2 nəfər ən yüksək - 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupunda imtahan verib. Maraqlıdır ki, həmin il 600 baldan yuxarı nəticə göstərənlər arasında III ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edib.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ilk dəfə testlə keçirildiyi 1992-ci ildən sonra ilk dəfə olaraq, 2010-cu ildə 7 abituriyent 700 bal toplayıb. Həmin il 700 bal toplayanların 2-si I, 2-si II, 3-ü isə IV ixtisas qrup üzrə sənəd verənlər olub. 
Qeyd edək ki, tədris ili ötdükcə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayanlar arasında ucqar kənd məktəblərinin məzunları da olub. Əgər əvvəlki illərdə ali məktəbə qəbul imtahanlarında 700 bal toplayanlar əsasən Bakı məktəbliləri və ya özəl liseylərin məzunları idisə, zaman keçdikcə məlum oldu ki, ucqar kənd məktəblərinin şagirdləri də maksimum nəticə göstərməyə qadirdirlər. Bu illərdən sonra ali təhsil sistemində bəzi yeniliyin tətbiqi tələbə adını qazananlara əlavə seçim imkanları da yaratdı. Belə ki, 2010/2011-ci tədris ilindən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi həyata keçirilməyə başlanıb. Bu, o deməkdir ki, yüksək bal toplayan abituriyentlərin əvvəllər olduğu kimi seçimləri yalnız dövlət universitetləri ilə məhdudlaşmayacaq. Yəni belə bir yenilik bir növ “dövlət universiteti” məfhumunu aradan qaldırdı. Artıq bu illərdən sonra yüksək nəticə göstərərək dövlət vəsaiti hesabına təhsil alacaq abituriyentlərin özəl ali təhsil müəssisələrinə marağı artmağa başladı. Sonrakı tədris illərində dəyişikliyin əyani sübutunu görmək mümkündür. 
2011/2012-ci tədris ili üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında 4 abituriyent 700 bal toplayıb. Onların hamısı Qafqaz Universitetini seçiblər. 2012/2013-cü tədris ili üzrə keçirilən ali məktəbə qəbul imtahanlarında 5 abituriyent 700 bal toplayıb və onların 2-si Qafqaz Universitetini seçib. Bu il isə 700 bal toplayanların sayı nisbətən artıb. Belə ki, 2013/2014-cü tədris ili üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında rekorda 6 abituriyent imza atıb. Bu il I və II ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb. I ixtisas qrupunda ən yüksək nəticə 695 bal, II ixtisas qrupunda isə ən yüksək nəticə 690 bal olub.

Atif Sarıxanlı
http://hafta-ichi.az/news.php?id=99019

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır