Tələbələr nəzəri biliklərini istehsalata tətbiq edirlər

Tələbələr nəzəri biliklərini istehsalata tətbiq edirlər
“Yay təcrübəsi proqramı” ARDNŞ-in bir çox strukturlarında, o cümlədən İnformasiya Texnologiyaları və Rabitə İdarəsində də təşkil edilir
Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gələcək tərəqqiyə yönəlmiş uğurlu siyasət həyata keçirilir, gənclərin müasir biliklərə yiyələnmələri, yaradıcı fəaliyyətə həvəsləndirilmələri, onların istedad və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün əlverişli imkanlar yaradılır. Bu mənada bütün dövrlərdə Azərbaycan sənayesinin flaqmanı olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətində həyata keçirilən proqram və layihələr xüsusilə diqqətəlayiqdir. 2010-cu  ildən etibarən  Dövlət Neft Şirkətində “Yay təcrübəsi proqramı” həyata keçirilməyə başlanmışdır. Proqram Şirkətin bütün idarə və müəssisələrində icra olunur.
Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin baş mühəndisi Arif Kərimov tələbələrlə keçirilən görüşdə bildirdi ki, “Yay təcrübəsi proqramı”na uyğun olaraq tələbələr təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri bilikləri istehsalata tətbiqi prosesini öyrənirlər. Proqram gənc kadrların yetişməsinə, istehsalat prosesləri ilə yaxından tanış olmalarına şərait yaradır. “Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanıb. İdarədə işçilər üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilib” deyən A.Kərimov onu da qeyd etdi ki, ixtisaslarına uyğun olaraq tələbələr üçün iş könüllü olaraq bölünüb. Bugünədək Dövlət Neft Şirkəti Tərəfindən 30 tələbə müxtəlif şöbələrə yerləşdirilib ki, artıq onlar bəzi proqramlar üzrə nailiyyətlər əldə ediblər.
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin tələbəsi Badam İslamova Dövlət Neft Şirkətinin təqaüd proqramının qalibi olub. Badam deyir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə təsdiq olunan “Yay təcrübəsi proqramı” çərçivəsində universitetdə öyrəndikləri nəzəri bilikləri istehsalata tətbiq edə bilirlər. Ötən il də “Yay təcrübəsi proqramı” çərçivəsində Heydər Əliyenv adın Neft Emalı Zavodunun 22 saylı sexində təcrübə keçən B.İslamova İTRİ-də Telekommunikasiya şöbəsində istehsalat təcrübəsi keçir.
İkinci dəfə “Yay təcrübəsi proqramı”nda iştirak edən Günel İsgəndərova isə tələbələr üçün belə bir şəraitin yaradıldığını eşidəndə çox sevinib. ADNA-nın Kompyuter mühəndisliyi fakültəsinin III kurs tələbəsi Günel həm də SOCAR-ın təqaüdçüsüdür. İnformasiya sistemlərinin inzibatçılığı şöbəsində mühəndis kimi müvəqqəti əmək müqaviləsi imzalayan Günel deyir ki, burada onlar sistem inzibadçılığı, verilənlərin bazasının idarə olunması işlərini görürlər. Kollektivdə olan səmimiliyi yüksək qiymətləndirən Günel İTRİ rəhbərliyi tərəfindən yaradılan şəraitdən razılığını bildirdi.
“Bildiyiniz kimi təqaüd proqramlarının qalibləri universiteti bitirdikdə işə qəbul olunmaları üçün şansları daha çox olur. Dövlət Neft Şirkətinin həyata keçirdiyi təhsil proqramları iştirakçıların gələcək fəaliyyətləri üçün əhmiyyətlidir” deyən Zaur Allahverdiyev ADNA-nın Avtomatika və İKT fakültəsinin III kurs tələbəsidir. Qeyd edək ki, Zaur “Yay məktəbi proqramı”nın iştirakçısı olub. Bu kimi şəraitin onlara yaradılmasına görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirdi. Telekommunikasiya şöbəsində 2 aylıq təcrübə keçən Zaur Dövlət Neft Şirkətinin onlara yaratdığı bu şansdan maksimum yararlanaraq daha çox yenilikləri öyrənməyi məqsədəuyğun hesab edir.
İTRİ ilə gələcəkdə də əməkdaşlıq etməyi arzulayan Turan Məmmədov  Qafqaz Universitetinin kompyuter mühəndisliyi fakültəsinin III kurs tələbəsidir. Bu kimi şəraitin onlara yaradılmasına görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirdi. Turan ötən il də “Yay təcrübəsi proqramı” çərçivəsində İTRİ-nin Proqramlaşdırma şöbəsində təcrübə keçib. 3 dəfə Təqaüd proqramının qalibi olub. Proqramlaşdırma şöbəsində mühəndis işləyən T.Məmmədov vurğulayır ki, burada əldə etdikləri təcrübi biliklər gələcək fəaliyyətlərində xüsusi rol oynayacaq.
Türkiyənin Doğu Akdeniz Universitetinin Kompyuter mühəndisliyi fakültəsinin ikinci kurs tələbəsi Rəşad Sadıqzadə təhsil aldığı ali məktəbdə təqaüdçüdür. ARDNŞ rəhbərliyinə gənclərə, ölkədə və xarici universitetlərdə təhsil alan tələbələrə yaradılan şəraitə görə minnətdarlığını bildirən R.Sadıqzadə qeyd etdi ki, burada tələbələrə proqramlaşma işi təcrübi cəhətdən yüksək keyfiyyətlə öyrədilir.
Orxan Vahidoğlu, “İki sahil”

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF