Qafqaz Universiteti Maliyyə Kafedrasının baş müəllimi Elçin Süleymanov: Azərbaycanın dövlət büdcəsinin inkişaf dinamikası və təhlili

Azərbaycanın dövlət büdcəsinin inkişaf dinamikası və təhlili

Tarixən ”budget” məvhumu ingilis mənşəli söz olub, çanta və ya torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur. 
Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması  üçün əsas maliyyə sənədidir. Büdcə ölkədə milli gəlirin və Ümumdaxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc  istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil bir büdcə formalaşdırmağa başlamışdır. Fəqət həm Qarabağ müharibəsi həm də iqtisadi strukturanın qurula bilməməsi bu prosesi ləngitmişdir. Əsrin müqaviləsi imzalandıqdan sonra və ölkədə münbit investisya mühitinin yaranması ölkənin iqtisadi inkişafına təkan vermişdi.Fəqət o illərdə Azərbaycan Dövlət büdcəsini dünyanın inkişaf etmiş və ya etməkdə olan ölkələri ilə müqayisə tez idi. 1993 ildən  başlayaraq, hər il əvvəlki ilə görə əhəmiyyətli dərəcədə artırılan dövlət büdcəsi son iki ildi artıq dünyanın inkişaf etmiş ölklərinin büdcəsi sinfindən sayıla bilər. Neft strategiyasının uğurla həyata keçirilməsi ölkənin maliyyə imkanını artırmışdır. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 384 mln. manat, xərcləri isə 20 063 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manatı Dövlət Neft Fondundan transferlər, 7,102 mlrd. manatı Vergilər Nazirliyi, 1,510 mlrd. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə digər daxilolmaların payına düşür.
Dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 34,3 faizini təşkil etməklə 20 063,0 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə gəlirlərinin 9 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər təşkil edəcək. 38,6 faizi Vergilər Nazirliyinin, 8,2 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur. Xərclərin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşu (6,260 mlrd. manat), sosial müdafiə və sosial təminat (2,072 mlrd. manat), ümumi dövlət xidmətləri (1,997 mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637 mlrd. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər (1,240 mlrd. manat) tutur. Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 443 890,2 min manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin kəsiri 14 084 994,8 min manat məbləğində müəyyən edilmişdir.
Son iki ilin büdcəsi qonşu Türkiyə ilə müqayisə edilsə bəzi nüanslar ortaya çıxartmaq olar. 2014 il ÜDM si 1 trilyon 719 milyard lirə (780 milyard dollar) olan qardaş ölkənin büdcə xərcləri 436,3 milyar TL (198 milyard dollar ) nəzərdə tutulub. Bu Türkiyənin ümumi daxili məhsulun 25,3 faizini təşkil etməkdədir. Büdcə xərclərinin adambaşına düşən payı Türkiyədə 2650 dollar , Azərbaycanda isə 2700 dollar həcmindədir.
Belə ki, artıq iki ildir dövlət büdcəsindən fərd başına düşən pay Türkiyədən çoxdur. Eyni zamanda Azərbaycanın xarici borcu ÜDM nin 6-7 faizini təşkil etməsi və bu borcların uzun müddətli və güzəştli olması müsbət amillərdəndir. Ama Türkiyə büdcəsinin yarıdan çoxu istehlak vergiləri olmaqla 86 faizi  vergi və rusumlarla formalaşması əhəmiyyətli bir pozitif faktordu. Eyni zamanda ixracının böyük hissəsinin hazır məhsul olması ixracının 90 faizindən çoxunun neft məhsulları olan Azərbaycanla müqayisədə pozitiv faktordur.Azərbaycan mövcud büdcə həcmini qorumaqla tədricən büdcənin yarısını təşkil edən Neft Fondu transferdlərini azaltmalıdır. Buna isə qeyri neft sektorunun inkişafı ilə nail olmaq olar. Eyni zamanda Türkiyədə büdcə xərclərinin yarıdan çoxunu təşkil edən təhsil və səhiyyə xərcləri Azərbaycanla müqayisədə 3 dəfə çoxdur. Elmə və təhsilə ayrılan hər 1 dollar xərc, bir neçə ilə 3-5 dollar gəlir gətirir. Dolayısıyla dünyanın inkişaf etmiş ölkələri ÜDM sinin 2-3 faizini elmə, 6-7 faizini təhsilə ayırması təcrübəsini effektiv xərclənmək şərti ilə Azərbaycanda da tətbiq etmək olar.Bir başqa vacib vəzifə büdcə xərclərinin effektivliyinin artırılmasıdır. Bu istiqamətdə müasir metodlardan istifadə edilə bilir. Eyni zamanda neftin tükənən resurs olduğunu nəzərə alaraq qeyri neft sektorunun inkişafına dəstəyin artırılması vacibdir. Bir başqa nüans büdcənin təyinatlılığına ictimai nəzarətin artırılmasıdır. Neft Fondu və Mərkəzi Bankın 50 milyard dollara  çatan rezervlərinin rasyonal və iqtisadi əsaslarla rentabelli və risksiz layihələrə yönləndirilməsi və kölgə iqtisadiyyatının azaldılması bu istiqamətdə atılacaq vacib məsələlərdəndir. Dünyanın əksər inkişaf etmiş ölkələrinin büdcə gəlirləri içində gömrük rüsumlarının cüzi yer tutması artıq müasir dünyada gömrük gəlirlərinin fiskal məqsədlərlə tutulmadığını göstərir. Dolayısıyla Azərbaycan da bu təcrübədən istifadə edərək gömrük rüsumlarından daxili istehsalını tənzimləmək məqsədi daşımalıdır. Bir başqa vacib məsələ isə büdcədən subsidya və transfertləri tədricən azaltmaqdır.Misal üçün bir çox inkişaf etmiş ölkədə sosial müdafiə fondları öz yığımlarını iqtisadi layihələr və bank resursları kimi dəyərləndirərək demək olar ki, büdcədən asılılıqdan azad olmuşdur. Azərbaycanda da hazırda  yığım fondu olan bu resursları investisya istiqamətli də qiymətləndirmə həm pensiya və müavinətlərin artırılmasına həm də büdcədən olan asılılığın azaldılmasına kömək edər
21851_1353541523453_5368541_n
.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır