Qafqaz Universitetində “Ortaq mirasımız - dilimiz” adlı elmi-praktik konfrans keçirildi


Dünən Qafqaz Universitetində Dil və Mədəniyyət Festivalı çərçivəsində “Ortaq mirasımız - dilimiz” adlı elmi-praktik konfrans keçirildi. 
 
Qafqaz Universitetində “Ortaq mirasımız - dilimiz” adlı elmi-praktik konfrans keçirildi zaman.azKonfransda universitetin rektoru professor Ahmet Saniç, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev, Azərbaycan Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov, “Çağ” Öyrətim şirkətinin Təhsil Şurasının sədri Ənvər Özərən, Qazaxıstandan Süleyman Dəmirəl adına Qazax-Türk Universitetinin prorektoru, professor Danday İskakoğlu, Türkiyənin Hacettepe Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin müdiri Şükrü Halük Akdın, Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, professor Rahmatullah Barakayev, Qırğızıstan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun Sosiolinqvistika şöbəsinin müdiri Cülnarə Camaşova məruzə ilə çıxış ediblər. Konfransın aparıcısı qismində çıxış edən Tofiq Hacıyev bu tədbirin təşkilatçısı Qafqaz Universitetinə minnətdarlığını bildirdi: “Qafqaz Universiteti bu tip tədbirləri ilə türkdilli respublikaların birləşməsi, ortaq dilləri ilə türk dilinə sahib çıxmaları baxımından böyük əhəmiyyət kəsb edən işlər görür”. Türk dilinin tarixən zəngin və önəmli dünya dillərindən biri olduğuna diqqət çəkən T. Hacıyev bildirdi ki, XI əsrdə Mahmud Kaşğarı “Divani lüğətit-türk” əsərini yazmaqla türk dilinin o dövrün aparıcı dillərindən imkanları baxımından heç də geri qalmadığını sübut edibsə, Əlişir Nəvai də öz əsərləri ilə türk dilinin farscadan heç də geri qalmadığını sübut edib.
N. Cəfərov isə ortaq ünsiyyət vasitəsi kimi Türkiyə türkcəsinin daha real variant olduğunu vurğulayıb. Azərbaycan dilinin qrammatik xüsusiyyətlərinin daha mükəmməl olduğuna diqqət çəkən N. Cəfərov vurğuladı ki, ortaq dil olması üçün bu, kifayət deyil: “Türkiyə türkcəsi o ölkənin telekanalları vasitəsilə çoxdan hamımızın evinə, məişətinə daxil olmağı bacarıb. Bundan başqa, Türkiyə türkcəsində danışan əhalinin çoxluğu, ölkənin iqtisadi gücü və s. kimi amillər ortaq türk dilinin müəyyənləşdirilməsi baxımından önəmli faktorlardandır”. N. Cəfərov ortaq dilin formalaşması baxımından ortaq əlifbaya keçməyin önəmindən də danışdı.
Şükrü Halük Akdın isə daha geniş məruzə ilə çıxış edərək, türk dilinin tarixinə, türk dillərinin Türkiyə, Azərbaycan, qızğız, qazax, özbək və s. ləhcələrinin müqayisəsini apardı. O, türk xalqları arasında ortaq dilin tarixən mövcud olduğunu, Türkiyə, Azərbaycan, özbək ədiblərinin əsərlərinin tarixən bütün türk xalqları respublikalarında sevilə-sevilə oxunduğunu vurğulayıb: “Türk dilinin ləhcələri arasında səsləniş fərqləri əsasən son 100 ildə əmələ gəlib. Bu da elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq, ingilis, rus, ispan, alman dillərindən alınan sözlərdir. Bunu Atatürk hələ o vaxt fərqinə varıb, bir çox ixtisas sahələrinə aid terminlərin milliləşməsi məsələsini gündəmə gətirmişdi”.
Ahmet Saniç isə türk dilinin bütün türk respublikaları arasında əsas ortaq miras olduğunu vurğuladı: “Xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşlərimizin birində o bizə dedi ki, Azərbaycan Türkiyə arasında qardaşlığı gördüm. İnşallah, siz də bütün türk dünyasının qardaşlığını görərsiniz”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır