“İxtisas qrupumu sevdiyim fənlərə görə müəyyən etmişəm”






Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı imtahan nəticələrinin böyük sevinc bəxş etdiyi ailələrdən biri də İsmayıl Hacıyevin ailəsidir. Bu ailənin yeganə oğul övladı Məmməd Hacılı I ixtisas qrupu üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında maksimum balı (700 bal) toplayaraq yaxınları və müəllimləri başda olmaqla, onu sevən hər kəsi sevindirib. Bu ailənin sevincinə şərik olmaq üçün Məmməd Hacılının qonağı olduq. 


Məlumat üçün bildirək ki, Hacıyevlər ailəsi Zəngilan rayonundandır. Onlar ermənilər tərəfindən öz doğma yurdlarından didərgin salındıqdan sonra, dövlət tərəfindən Bakıdakı yataqxanaların birində müvəqqəti yaşayış yeri ilə  təmin olunublar.
“Məmməd həm də nümunəvi övlad olub”
Ürəyi fərəhlə dolu ata ürəyindən keçənləri eşitmək bizim üçün çox maraqlı idi. İ. Hacıyev bildirdi ki, məcburi köçkün həyatı yaşadığı üçün daimi fikrini ailə qayğıları məşğul edib. Həm özü, həm də ailəsi üçün nəsə böyük arzuları olmayıb. Bəlkə də olub, sadəcə, bu barədə düşünməyə vaxt tapa bilməyib: “Biz Məmmədin 700 bal toplayacağına inanırdıq. Çünki bütün sınaq imtahanlarında Məmməd yüksək bal yığırdı. Axırıncı sınaq imtahanlarında isə bir neçə dəfə 700 bal toplamışdı. Ali təhsil ocaqlarına qəbul imtahanlarında da maksimal balı yığdığını eşitdikdə isə sevincimizin həddi-hüdudu olmadı. Onda düşündüm ki, bu günə kimi ürəyim heç də ətalətdə olmayıb. Elə bu mənim ən böyük arzum imiş”. İ. Hacıyev onu da bildirdi ki, sevincini ilk olaraq qardaşı və yataqxanada qonşusu olan Mahirlə bölüşüb: “Məmmədin təhsili ilə ən çox maraqlananlardan biri yataqxana qonşum Mahir idi. İmtahanın nəticələri ilə bağlı da tez-tez bizə zəng edib maraqlanırdı. O həmişə mənə deyirdi ki, Məmməd 700 bal toplayacaq. Məmmədin imtahan nəticəsi ilə bağlı ən çox sevinənlərdən biri də Mahir oldu”. Onun sözlərinə görə, Məmməd nümunəvi şagird olmaqla yanaşı, həm də nümunəvi övlad olub: “Məmməd bir çox yaşıdları kimi əyləncəyə və s. meyilli olmayıb. Bu illər ərzində dərslərindən başqa, demək olar ki, heç nəyə maraq göstərməyib. Mən də ona qarşı çox tələbkar olmuşam”.
“Mən valideyn olaraq, həqiqətən,
lisey ailəsinin üzvü olmuşam”
Məmmədin bir çox fənn olimpiadalarında uğurla iştirak etdiyini dilə gətirən İ. Hacıyev onun “Dədə Qorqud” liseyinə də imtahan verərək, yüksək nəticə ilə qəbul olduğunu dedi: “Oğlum orta məktəbdə 6-cı sinfi bitirdikdən sonra “Dədə Qorqud” liseyinə qəbul imtahanı verdi. O bu imtahanda ən yüksək nəticə göstərən 3 şagirddən biri oldu. Buna baxmayaraq, maddi imkansızlıq ucbatından liseydə oxutmaq istəmirdim. O vaxtkı müdir müavini Fuad Baxışlı məni liseyə dəvət etdi, Məmmədi nə üçün liseyə qoymaq istəmədiyimi soruşdu. Mən də ona hər şeyi olduğu kimi dedim. F. Baxışlı Məmmədin təhsil haqqına 55% güzəşt etdi. Bundan sonra Məmməd liseydə oxumağa başladı. Açığı, mən Məmmədin bu liseydə oxumasını çox istəyirdim. Oradakı təhsilin keyfiyyətindən xəbərim var idi. Məmməd birinci ili liseydə oxuyanda, onunla birlikdə “Dədə Qorqud”a o qədər gedirdim ki, şagirdlər elə bilirdilər ki, mən də müəlliməm. Hətta mən hansı gün liseyə getmirdimsə müəllimlər mənə zəng edib, niyə gəlmədiyimi soruşurdular. Mən, həqiqətən, valideyn olaraq, lisey ailəsinin üzvü olmuşam. Nə vaxt ki mən uşağın dərsi, məktəbdə özünü necə aparması ilə maraqlana bilmirdim, mənfi nəticəsini görürdüm”. İmtahan ərəfəsində rahat olduğunu ifadə edən həmsöhbətimiz bildirdi ki, imtahan suallarının düzgün  cavabları açıqlanandan sonra balların elan olunduğu günə qədər narahat olub: “İmtahan olan günü saat 16:00-da sualların düzgün cavabları açıqlandı. Həmin cavablar əsasında yoxladıq ki, Məmməd bütün sualları düzgün cavablandırıb. Bunu biləndən sonra imtahanların nəticələri elan olunan günə qədər çox narahat oldum. Narahat idim ki, oğlum kodlaşdırmada nəsə səhv edə bilər”.
“Məmmədin elm adamı olmasını istəmişəm”
Məmmədin anası Flora Hacıyeva isə bildirdi ki, Məmmədin dərs oxumaqla uşaqlıqdan bu yana heç vaxt problemi olmayıb: “Məmmədin uşaqlığı dəcəl olub. Uşaqlıqdan indiyə kimi dediyini eləməyə çalışıb. Mənə də söz düşəndə deyirdi ki, universitetə qəbul imtahanında 700 bal toplayacam”. Məmmədin uşaq vaxtı coğrafiyaşünas olmaq istədiyini xatırlayan F. Hacıyeva söylədi ki, o, məktəbə qədər dünyanın siyasi xəritəsini əzbər bilirdi. F. Hacıyeva onu da əlavə etdi ki, oğlunun elm adamı olmasını istəyib: “Məmmədin kitaba böyük marağı olduğu üçün istəmişəm ki, o, elm adamı olsun. Həmyaşıdları hansısa əşya üçün ağladığı halda, Məmməd kitab üçün ağlayırdı”.
“Mən yaxşı futbolçu da ola bilərdim”
Məmməd Hacılı ali məktəbə qəbul imtahanını necə verməsi haqqında bizimlə ətraflı söhbət etdi:  “Sınaq imtahanlarında 40 dəqiqə ərzində 125 sualı cavablandırırdım. Qəbul imtahanının suallarını isə cavablandırmağa 1 saat 10 dəqiqə vaxtım getdi. Sualları düzgün cavablandırmağıma əmin olmaq üçün yazdığım sualları 3 dəfə başdan-ayağa yenidən yoxladım. Sonda kodlaşdırmaya 30 dəqiqə vaxtım qaldı. Qorxurdum ki, kodlaşdırıb çatdıra bilməyim. Ona görə də sualları sürətli kodlaşdırdım. Hesab edirəm ki, imtahanda diqqət çox önəmlidir. Diqqətini həll etdiyin suala cəmləyə bildinsə, cavabı tapmaq o qədər də çətin olmur”. M. Hacılı onu da əlavə etdi ki, dərslərini yaxşı oxumasında ona müəllimləri ilə yanaşı, valideynlərinin də böyük dəstəyi olub: “Digər lisey şagirdləri kimi mən də çox fəalam. Buna baxmayaraq, imtahan nəticələrim respublika üzrə ilk üçlükdə olmasa, valideynlərim liseyin sosial fəaliyyət proqramlarında iştirak etməyimə icazə vermirdilər. Futbola böyük marağım var. Hesab edirəm ki, valideynlərim futbol oynamağıma  icazə versəydilər, mən yaxşı futbolçu da ola bilərdim”. Ən çox sevdiyi fənlərin fizika və riyaziyyat olduğunu dilə gətirən M. Hacılı bu səbəbdən də I ixtisas qrupunu seçdiyini ifadə etdi: “Elə şagirdlər var ki, sevdiyi ixtisas hansı qrupdadırsa, o qrupa hazırlaşır. Mən isə ixtisas qrupumu sevdiyim fənlərə görə müəyyən etmişəm. İxtisas olaraq, kompyuter mühəndisliyi ixtisasını seçəcəm. Buna səbəb isə kompyuter mühəndisliyinin fizika və riyaziyyat elmlərinin vəhdət təşkil etdiyi sahə olmasıdır”. Həmsöhbətimiz ali təhsil almaq istədiyi universitetin adını da açıqladı: “Qafqaz Universitetində ali təhsil almaq istəyirəm. Çünki mən bilirəm ki, Qafqaz Universiteti digər sahələrdə olduğu kimi, kompyuter mühəndisliyi üzrə də yaxşı mütəxəssis hazırlayır. Bunun üçün həmin universitetin güclü maddi-texniki bazası və savadlı professor, müəllim heyəti var”. M. Hacılıdan onu da öyrəndik ki, 700 bal toplamasının sevincini ilk olaraq müəllimi Elnur Gülmalıyev ilə bölüşüb: “Açığı, mənim üçün 700 bal yığmağımın o qədər də əhəmiyyəti yoxdur. 695 balla da istədiyim ixtisasa qəbul ola bilərəm. Mən daha çox liseyimizin adına çox sevindim. Sevindirici hallardan biri də budur ki, liseyimiz I ixtisas qrupu üzrə yüksəkballı abituriyentlərinin sayına görə respublika üzrə birinci yeri tutdu. Belə ki, builki I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Dədə Qorqud” liseyinin məzunlarından 6 nəfər 600 balı keçib. 600-dən yuxarı yığılan balları isə bunlardır: 700, 695, 675, 664, 659, 656, 620 bal”. Qəbul imtahanına 10 gün qalmış ancaq “Azərbaycan dili” oxuduğunu bildirən M. Hacılı öyrənməyə çətinlik çəkdiyi sahənin fonetika olduğunu ifadə etdi.
“Məqsədli şəkildə və
səmərəli oxumaq lazımdır”
Söhbətimiz əsnasında səmərəli kitab oxumağın yolları haqqında da danışan müsahibimiz bunları dedi: “Məqsədli şəkildə və səmərəli oxumaq lazımdır. Bir də sürətli olmaq vacibdir”. M. Hacılı onu da söylədi ki, daha çox tarixi və elmi kitabları oxumağı xoşlayır: “Kinolardan da tarixi və elmi olanlara daha çox baxıram. Xobbim isə futboldur”. Lisey illərinin xatirələrindən də söhbət açan müsahibimiz bunları dedi: “Düşünmürəm ki, müəllimlərimdən, sinif yoldaşlarımdan ötrü darıxacam. Çünki istədiyim vaxt gedib onları görəcəm. Mən ümumilikdə lisey həyatı üçün darıxacam. Biz şagird yoldaşlarımızla, müəllimlərimizlə birlikdə mehriban lisey ailəsi idik"

http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=60089

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır