Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq

Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq
Məqalənin sonunda deyə biləcəyim fikri, "səxavətli" bir müəllif kimi sizinlə indi bölüşürəm. İlkin baxışda qlobal bazarlarda neftin qiymətinin düşməsinin arxasında dayanan səbəbləri belə sıralamaq olar;
Amerikada neft sahəsində on il əvvəl tətbiq edilməyə başlanan yeni texnologiyalar, istehsalın kəskin həddə artmasına gətirib çıxarmışdır. 2005-ci ildə ABŞ-ın neft istehsalı günlük 8,3 milyon barel ikən, bugün bu rəqəm 12,4 milyon bareldir. Bu nəticə hardasa 50 faizlik artış deməkdir. 2013-cü ildə, Çinin neft istehlakı günlük 10 milyon barel, ABŞ- ın isə 19 milyon barel olmuşdur. Çin, nəhəng bir iqtisadiyyat olduğunu son onillikdə yüksək iqtisadi artımı ilə bizə nümayiş etdirsə də, hələ ki qlobal bazarlarda neftin əsas alıcısı ABŞ-dır. ABŞ, neft alımını azaldanda, bu qlobal neft tələbinin düşməsi mənasına gəlir.

    Çindəki iqtisadi artımın yavaşlaması, neftə olan tələbatının azalacağı şəklində bir gözləntinin formalaşmasına gətirib çıxarır. Hərçənd ki, Çin neft  istehlakında qlobal bazarlardan kifayət qədər asılıdır, gözləntilərin səs küyü, reallığın təsirinə qalib gələ bilir. Qiymətin azalmasında gözləntinin də təsirini göz ardı etmək olmaz. Avropa Birliyi üzvlərindən gələn bəd xəbərlər, bu gözləntilərin Asiyadan Avropaya da yoluxmasına gətirib çıxarır. Gözləntilər, əsasən maliyyə bazarlarında özünü daha qabarıq formada göstərir, daha sonra bu tendensiyanın təsirləri, iqtisadiyyatın real sahələrində/sektorlarında müşahidə olunur. Həmçinin, dövlət büdcəsində neft sektorunun payı yüksək olan Rusiya və Venesuella kimi ölkələrdə də təşviş, maliyyə bazarlarında yaranır.

    Qlobal neft bazarında əldə etmiş olduqları payı itirmək istəməyən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və qeyri-OPEC ölkələri istehsalı azaldmaq istəmirlər. Neft təklifi artmır, hətta ABŞ faktorundan ötrü nisbətən azalır. Təklifi isə qısa müddətdə azaldıb, qiymətlərin yüksəlməsini təmin etmək mümkün deyil. İqtisadi terminologiya ilə ifadə etsək, tələb, təklifdən nisbətən daha elastikdir. Yaxud da təklifin elastikliyi zəifdir. Neft istehsalını qısa müddət ərzində azaldmaq görünür ki asan iş deyil. Bu mövzu, yay aylarında qarpızın qiymətindəki kəskin azalma ilə oxşarlıq ifadə edən bir məsələdir. Yay aylarında bazara gətirilən qarpızların təklif elastikliyi çox zəifdir. Yəni satıcı istəsə, qarpızları bazardan çıxarıb sonra gətirmək üzrə hardasa saxlaya bilmir. Havanın isti olduğu zamanda, qarpıza olan tələb artsa da, bazardakı qarpız təklifindən daha çox artmır. Bunun nəticəsində qarpız qiymətlərində hər yay kəskin düşüşlər müşahidə edirik. Aşağıda siyahısı verilən ölkələri neft təklifini artıranlar siyahısına daxil etmək olar.

Neft İxracatçı artan ölkələr siyahısı, milyon barel / gün
 
Ölkə
2008 Neft İxracatı
2012 Neft İxracatı
Səudiyyə Ərəbistan
8,4
8,9
Rusiya
6,9
7,2
BƏƏ
2,5
2,5
Qazaxıstan
1,2
1,3
Kanada
1,1
1,5
Qatar
1,1
1,8
Nigeriya
1,8
2,2

Azalan qiymətlər, Hindistan, Çin və Türkiyə kimi neft idxalatçısı ölkələr üçün tədiyə balansındakı cari hesaba müsbət təsir göstərəcək. Yəni bu ölkələrin dünyanın geri qalanına olan borcları azalacaq. Avropada Almaniyanın tədiyə balansının cari hesabından rekord həddə çatan müsbət saldo (2013 üçün 260 milyard dollar), birlik ölkələri içərisində bu ölkə iqtisadiyyatındakı kövrəkliyi azaldan bir faktordur. Bu rəqəm Almaniya üçün yığım mənasına gəlir. Yəni bu ölkə, xarici ölkələrdən satın aldığından 260 milyard dollar daha çox mal satmışdır. Digər Avropa ölkələri, Hindistan, Çin və Türkiyə üçün istehsalın maya dəyərinin azalması şəklində bir nəticə ortaya çıxacaqdır. Avropa Birliyi üçün son zamanlarda iqtisadi artımın azalması deflyasiya qarabasmasına səbəb olub. Avropa ölkələri, deflyasiyadan qorxmağı "gözü çıxmış qardaşdan, Yaponiyadan" öyrənib. Bu sətirləri oxuyarkən xatırlayanlar olacaqdır: son seçkilərdə, Yaponiyada yeni hakimiyyət xalqa infliyasiya sözü vermişdi. 20 illik "Yapon istehsalı" deflyasiya Avropanın təsirli dərslər çıxarması üçün kifayət qədər uzun bir məşəqqət dövrüdür. Bu qlobal şərait Azərbaycan üçün müəyyən fürsətlərin də yaranmasına gətirib çıxarır.

    Azərbaycanın illik 400 milyon barel neft istehsal etmək kimi bir hədəfi var. Son dövrdə neft istehsalının azalması qiymətlərin azaldığı dövrdə bizim üçün fürsətdir. Tarixi faktlar bizə mövzu ilə bağlı maraqlı bir məqam xatırladır. Hollandlar 15 il təbii qazı aşağı qiymətə satdıqdan sonra 1973 -cü ildə Birinci Neft Şoku ilə birgə çox şey itirdiklərinin fərqinə vardılar. Eyni tendensiya ilə Norveç 1980-ci illərdə qarşılaşdı. Azərbaycanda davam edən enerji layihələri istehsala hazır olduqlarında güman edilir ki, neft qiymətləri yenidən artma istiqamətində irəliləyəcək. Neft istehlakının gün keçdikçə artmağı, qiymətlərin kəskin surətdə azalmağının qarşısını alan ciddi bir amildir.

    Azərbaycan maliyyə bazarları, qlobal maliyyə bazarlarının mənfi təsirlərinə qarşı özünü qoruya bilir. Əksərən və əsasən maliyyə bazarlarında başlayan təşviş, (Bax. Rusiya maliyyə bazarlarındakı indekslər: RTS, MICEX) daha sonra bədbin gözləntilərin formalaşmasına gətirib çıxararaq, iqtisadiyyatın real sektoruna da sirayət edir. Azərbaycan iqtisadiyyatı bu barədə xüsusilə isti pulların axınına qarşı ehtiyat tədbirləri ilə güclü çıxış edir. Hay-küylü isti pul kütləsinin, əlimizi yandıran qaynar kartof kimi bir sıra ölkələrin maliyyə bazarlarında ölkələrə verdikləri zərər Azərbaycan üçün təhlükə mənbəyi deyil.

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri 1 İyul 2014 tarixi etibarilə 38 milyard dollar ikən, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 15 milyard dollardır. 2015 büdcəsi üçün neft fondundan dövlət büdcəsinə daxilolmalar 10,4 milyard manat (13 milyard dollar) olaraq proqnozlaşdırılır. 2015-ci ildə neft istehsalımızın davam edəcəyini və neft fondunun vəsaitlərinin artacağını nəzərə aldığımızda, dövlət büdcəsi baxımından çətin vəziyyətin yaranmayacağı nəticəsinə gəlmək mümkündür. Mövzunun fürsət hissəsi bundan ibarətdir: 2004-cü ildən neft bumu başlayandan bu günə qədər Azərbaycan neft qiymətlərinin kəskin həddə azalması ilə qarşılaşmayıb. Neftin qlobal bazarlarda qiymətinin aşağı düşməyi, Azərbaycan iqtisadiyyatı üçün praktiki bir sınaq funksiyası icra edəcək. TQDK-nın ali məktəblərə hazırlaşan şagirdlər üçün hazırlamış olduğu sınaq imtahanları, tələbə namizədlərinin daha da güclənməsinə və daha çox hazırlaşmasına gətirib çıxarır. Qlobal neft bazarında keçirilən sınaq isə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə yol açan bir müvəqqəti keçid dövrüdür.



Dr. Sərvər Qurbanov

Qafqaz Universiteti / Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF