“Gənclər mədəniyyətimizi xarici tələbələrə çatdırmaqda səylərini əsirgəməməlidir”

“Gənclər mədəniyyətimizi xarici tələbələrə çatdırmaqda səylərini əsirgəməməlidir”
Həzi Eynalov: “Xarici təhsilin gənclərimizin elmi və intellektual potensialının artmasında çox müsbət təsiri var. "Xaricdə müxtəlif təhsil pillələrinə uyğun təhsil almaq, ixtisasartırma kursu keçmək və sair formalarda bilik artırmaq, ixtisaslaşmaq, savadlı mütəxəssis kimi yetişməklə bərabər, insanın bir şəxsiyyət kimi formalaşmasında da böyük rol oynayır. Həmçinin gənclərin dünyagörüşünün, həyata dair baxışlarının inkişaf etdirilməsində, mənəvi-intellektual inkişafda da xaricdə təhsilin böyük rolu var. Bu baxımdan layihə çərçivəsində sözügedən mövzuda Qafqaz Universitetinin Dünya iqtisadiyyatı bölməsində tədris məsləhətçisi, dosent Həzi Eynalovla söhbətləşdik. O, xaricdə təhsil-tədris məsələləri və gənclərin bu baxımdan mənənəvi-intellektual inkişafı yolları ilə bağlı fikirlərini bizimlə bölüşdü.
- Öncə özünüz və xaricdə aldığınız təhsil barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Eynalov Həzi Əsgərxan oğlu orta təhsilimi ölkəmizdə yekunlaşdırdıqdan sonra Türkiyə Respublikasına təhsil məqsədilə ilk gedən tələbələrdən biriyəm. Baklavriat və magistratura təhsilimi Türkiyənin Mərmərə Universitetində aldım. 1998-ci ildən etibarən Qafqaz Universitetində işləyirəm.
2006-cı ildə doktoranturadan sonrakı tədqiqat proqramı üçün Türkiyə Dövlət Araşdrma Qurumuna getdim. 2013-cü ildə isə ABŞ-ın İndiana ştatındakı İndiana Universitetinə “Ziyarətçi müəllim” statusunda dəvət olundum. Bu proqramın mənə çoxsaylı faydaları oldu ki, iştirak etdiyim hər bir dərs proqramı ilə yaxından tanış olmaq imkanları yarandı. Proqram çərçivəsində universitetin professor heyəti ilə yaxından tanış olmaq və elmi resurslarından geniş istifadə etmək imkanları oldu. Getmiş olduğum İndiana ştatında ölkəmizin Amerikadakı səfirinin dəvəti ilə İndiana Universitetində təşkil olunmuş konfransda iştirak edərək, ölkəmizi və xalqımızı oradakı müəllim və tələbə kollektivinə tanıtmağa çalışdıq. Bir neçə universitetdə keçirilən beynəlxalq festivallarda ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumatlar vermək imkanımız oldu . Eləcə də dostluq əlaqəsi qurduğumuz müəllim və tələbələrə bizim özümüzə məxsus ənənələrimizi praktik olaraq göstərmək və anlatmaq imkanı yarandı.
- Təhsil kursu keçdiyiniz xarici ölkənin özəllikləri barədə fikirlərinizi bilmək istərdik.
- Bildiyiniz kimi, ABŞ dünyanın ən inkişaf etmiş ölkələrin başında gəlir. Eyni zamanda, bu ölkədə demokratik təfəkkürlə bağlı proseslər diqqəti çəkən başlıca amillərdən biridir. Başda yol qaydaları olmaq üzrə digər sahələrdə də olan sistemlilik insanların daha rahat yaşamalarına zəmin hazırlamaqdadır. İnsanların bir-birilərinə qarşı həddindən artıq diqqətli olmaları, səmimi insani münasibətlər, hər davranışınız, arzu etdiyinizi yaxşı şəkildə həyata keçirə bilmə imkanları da diqqət çəkən digər məsələlər olaraq qeyd oluna bilər. Ölkənin sosial həyatının çoxmilliliyi sizə fərqli mədəniyyətlərlə tanış olmaq imkanı verir. Oranı evlərin qapılarını bağlamaq ehtiyacı hiss etmədiyiniz, onlayn olaraq aldığınız bahalı elektronik avadanlıqları, sabah evinizin qapısına qoyulduğu halda, gəlib gecə qapınızın ağzından alma imkanının olduğu, minlərcə kilometrlik yolların yaşıllıqlarla əhatə olunuduğu və ətraf mühitin yüksək səviyyədə qorunduğu bir ölkə olaraq qiymətləndirə bilərik. Bununla yanaşı, özünəməxsus problemlərin də mövcud olduğunu bildirməklə bərabər, universitetlərin sosial baxımdan geniş imkanlara sahib olduğunu da qeyd edə bilərik.
- Xarici ölkədə təhsil almağın gənclərimizin bir mütəxəssis kimi formalaşmasında və intellektual səviyyəsinin yüksəldilməsində rolunu necə görürsünüz?
- Qeyd etmək istəyirəm ki, xarici təhsilin gənclərimizin elmi və intellektual potensialının artmasında çox müsbət təsiri vardır. Bu təsiri bir neçə istiqamətdə qiymətləndirmək olar ki, bunlardan başlıcaları şübhəsiz, alacaqları keyfiyyətli təhsil və əldə edəcəkləri dil bacarıqlarıdır. Lakin bununla yanaşı, gənclərimizin getdikləri ölkələrdəki ictimai seferanın da təsiri altında qalacaqları qeyd olunmalıdır. Getdikləri ölkələrdəki təhsil qurumlarının maddi-texniki bazasının yüksəkliyi, eləcə də müəllim və tələbə heyətinin intellektual potensialının yüksəkliyinin, gənclərimizin onlardan faydalanması üçün böyük zəmin hazırladığını qeyd edə bilərəm. Sözsüz ki, gedilən xarici ölkələrdə imkanlar nə qədər yüksək olsa da, əldə olunacaq nəticə gənclərimizin bu imkanlardan istifadə bacarıqlarından asılıdır.
- Gənclərin xaricdə təhsil almaq vasitəsilə dünyagörüşünün artırılması məsələsinə necə yanaşırsınız?
- Xaricdə təhsil almaq məqsədilə bir sıra xarici ölkələrə gedən gənclərimizin dünyagörüşlərinin formlaşmasında getdikləri ölkələrin sosial mühitinin təsirinin olacağı birmənalı olaraq qeyd oluna bilər. Lakin bununla yanaşı, dünyanın müxtəlif ölkələrindən birgə oxuduqları tələbələrə olan münasibətlər də onların dünyagörüşlərinin formlaşmasına təsir göstərən başlıca amillərdən biridir. Uzun illər milli adət-ənənələrlə yetişmiş olan gənclərimizin getdikləri ölkələrdə üzləşdikləri tamamilə yeni mühitin, onların dünyagörüşlərində yeni bir səhifə açdığı heç kimdə şübhə doğurmur. Çoxmədəniyyətli ictimai mühitin onsuz da yeni formalaşan gənc təfəkkürlərə öz təsirini göstərəcəyi danılmazdır. Belə hesab edirəm ki, bu təsirin müsbət və ya mənfi olması isə gənclərimizin birbaşa özlərindən asılı olacaq.
- Gənclərin xaricdə yüksək səviyyədə təhsil almaqla, eyni zamanda kulturoloji düşüncələrinin də inkişaf etməsi asanlaşır. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Qeyd etdiyim kimi, gənclərimiz getdikləri ölkələrdə bəlkə də indiyə qədər qarşılaşmadıqları müxtəlif mədəniyyətlərlə tanış olmaq imkanlara malik olur. Belə ki, birgə təhsil aldıqları müxtəlif ölkələrdən gələn tələbə yoldaşlarından həmin ölkələrin mədəni həyatları ilə yaxından tanış olma imkanları olur. Universitetlərin tələbələr üçün ayırdıqları xüsusi məkanlarda bir sıra xarici tələbələr öz mədəniyyətlərini təbliğ etmək və adət-ənənələrini nümayiş etdirmək imkanlarına sahib olurlar ki, bu da orda təhsil alan digər gənclər üçün belə müxtəlif mədəniyyətləri tanımaq və öyrənmək imkanı olur. Belə bir mühitdə isə gənclərimizə düşən əsas vəzifələrdən biri də milli mədəniyyətimizin belə yerlərdə təbliğinə dəstək vermək və xarici tələbələrə bunları çatdırmaqda öz səylərini əsirgəməməkdir.
- Təhsil aldığınız xarici ölkədəki gənclər, yeniyetmələr, onların yaşam tərzi və bizdən fərqləri barədə fikirlərinizi bildirərdiniz?
- İlk növbədə onu qeyd etmək lazımdır ki, Amerikada gənclər çox fərqli bir təfəkkür ilə böyüyürlər. İlk növbədə yetkinlik yaşına çatan yeniyetmələr ailələrindən müstəqil yaşama yollarını axtarırlar. Amerika cəmiyyəti üçün bunun çox normal bir hal olduğunu qeyd edə bilərik. Lakin bu cəmiyətdə boşanma hallarının yüksək olması onların gələcək həyatları baxımdan böyük təsirə sahib olmaqdadır. Gənclərin sosial həyatlarının daha çox həftənin istirahət günlərində digər günlərə nəzərən daha aktiv olduqlarını söyləmək mümkündür. Daha çox gənclər dünyada gedən siyasi və iqtisadi prosesləri yaxından izləmir və bu haqda elə də çox məlumata sahib olmurlar. Orada əsasən, universitet tələbələrini 24 saat açıq olan kitabxanalarda müşahidə etmək olur. Bu baxımdan, sadalanan fərqliliklər daha çox nəzərə çarpmış olur.
www.palitra.az
İlkin AĞAYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır