Tələbələrin istehsalatla yaxından tanış olmasına şərait yaradılır

Tələbələrin istehsalatla yaxından tanış olmasına şərait yaradılır
Dünən Qafqaz Universitetində müasir avadanlıqlarla təmin edilmiş mexanika laboratoriyasının açılışı oldu. Universitetin rektoru, professor Əhməd Saniç bu yeniliyi əlamətdar hadisə kimi dəyərləndirdi.
Rektor qeyd etdi ki, rəhbərlik etdiyi kollektivdə tələbələrin hərtərəfli inkişafına kömək göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin elmi biliklərinin artırılması məqsədilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir. O, yeni laboratoriyanın əhəmiyyətini xüsusi vurğulayaraq onun ərsəyə gəlməsində əməyi olanlara xatirə hədiyyələri təqdim etdi.
“bp-Azərbaycan” şirkətinin əməkdaşı Qvami Rəhimli bp-nin Qafqaz Universiteti ilə səmərəli əməkdaşlığından danışdı, yaradılan şəraitə görə təşəkkürünü bildirdi.
Universitetin mexanika fakültəsinin dekanı dosent Yadullah Babayev qeyd etdi ki, laboratoriyanın istifadəyə verilməsi tələbələrin nəzəri və praktiki biliklərini müasir standartlara uyğun inkişaf etdirmək, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində də atılmış uğurlu bir addımdır.
Artıq neçə ildir universitet “bp-Azərbaycan” şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub. Birinci mərhələdə mühəndislik fakültəsi tərkibində kimya mühəndisliyi ixtisası açılmışdır. İkinci mərhələdə isə mexanika mühəndisliyi ixtisası yaradılmış, onun tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulmuş və 9 dekabr 2013-cü ildə açılışı olmuşdur. Bu gün isə universitet həmin laboratoriyalardakı cihazlarla aparılan təcrübələri geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Mexanika mühəndisliyi laboratoriyalarında “bir gün” adlı tədbir həyata keçirir.
Universitetin tələbələri tədbirdə iştirak edən qonaqlara avadanlıqların iş prosesi, onların müəssisələrə faydası haqqında ətraflı məlumat verdilər.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin tələbələri, alimlər, media nümayəndələri iştirak edirdilər.
Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır