Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”

Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”
Ahmet Saniç: “Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata keçirməkdədir”.
 
Dünən Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat Mərkəzi açıldı. Bu münasibətlə keçirilən tədbirdə bildirildi ki, əsas məqsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkəmizin rəqəmsallaşması prosesinə dəstək verməkdir.
Qafqaz Universitetinin rektoru, prof. dok. Ahmet Saniç çıxışında bu mərkəzin əhəmiyyətindən danışdı: “Güclü ölkələrin güclü universitetləri olur. Güclü universitet olmağın ən önəmli şərtlərindən biri isə sənaye və iş dünyası ilə əməkdaşlıq etməkdir. Güclü sənaye müəssisələrinin olması və onların fəaliyyətlərində uğur qazanmasının şərtlərindən biri isə universitetlərlə əməkdaşlıq etmələridir. Bu əməkdaşlıq yüksək səviyyədə olarsa, iqtisadiyyat və sənayenin inkişafı baxımından güclü bir ölkə formalaşacaqdır. Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata keçirməkdədir. 5 mindən artıq məzunumuz Azərbaycan və dünyanın 67 ölkəsində ya çalışmaqda, ya da magistratura və doktorantura təhsili almaqdadır. Texnoparklar quraraq yenə də Prezidentimiz İlham Əliyevin ideyası olan qeyri-neft sektorunun inkişafı mövzusunda çalışmaları davam etdiririk. “Koç holdinq” Türkiyə Cümhuriyyətinin qurulmasından etibarən bu ölkənin sənayesinə böyük xidmətlər göstərib, iş həyatında daima profesionallığı təmsil edib. Bu şirkətin 90 illik təcrübəsini Azərbaycanımıza gətirməsi baxımından bugünkü tədbirimiz çox önəmlidir. Universitetimizin professor, müəllim, tələbə heyəti bu təcrübələrdən yararlanmaqla yanaşı, bu şirkət də universitetimizin potensialından faydalanacaq, innovasiya və istehsal baxımından müsbət enerji bəxş edəcəkdir”.
“KoçSistem Azərbaycan” MMC-nin direktoru prof., dok. Ali Bülent Kutvan isə çıxışında dedi ki, təmsil etdiyi şirkət Azərbaycanın bütün bölgələri, ümumiyyətlə, Qafqaz bölgəsi üçün özəl və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşır: “Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir. Bununla Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan vermək istəyirik”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə: “Mən çox sevinirəm ki, Azərbaycan iqtisadiyyatı, Azərbaycan sənayesinin tarixində yeni bir hadisənin baş verməsi mərasimində iştirak edirəm. Müasir dövrümüzdə ən önəmli məsələlərdən biri də rəqabətə davamlı iqtisadiyyat, rəqabətə davamlı sənaye sahəsi yaratmaqdır. Azərbaycanda son illərdə bu istiqamətdə böyük işlər görülür. Dünyada baş verən qlobal sarsıntılara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Ölkəmizdə neft faktorundan asılılığın aradan qaldırılması istiqamətində cəsarətli addımlar atılır. Cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə bağlı imzaladığı sərəncamda birbaşa göstərilir ki, təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı universitetlərindən birinə çevrilir. Biz çox sevinirik ki, artıq Abşeron rayonunda böyük gələcəyi olan universitet yaradılıb. Qafqaz Universiteti yarandığı gündən innovativ düşüncə, kreativ düşüncələr istiqamətində də böyük işlər görür və biz bunun bu gün əyani şahidiyik. Biz Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq bu universitetlə təmasda olacağıq, Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi üçün bu təcrübədən istifadə edəcəyik. Fürsətdən istifadə edərək, bir daha Qafqaz Universitetinin rəhbərliyinə, “KoçSistem Azərbaycan” MMC-nin rəhbərliyinə uğurlar arzulayıram”.
Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat Mərkəzinin açılmasını mühüm hadisə adlandırdı: “Biz 6 ildir ki, Qafqaz Universiteti ilə çox sıx əməkdaşlıq edirik, dostluq edirik. Biz Qafqaz Universitetinə yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Burada yetişmiş onlarla mütəxəssis artıq kimya zavodlarında çalışır. Biz onların həm hazırlığı ilə, həm mühəndislik işləri görməsi bacarığı ilə tanışıq və onlardan çox razıyıq. Yeni açılan mərkəz də inanıram ki, tələbələrin hazırlanmasında öz effektini verəcəkdir”.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=73853

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF